AZ

Premyer-liqa, 1-ci və 2-ci liqadakı bölgə təmsilçiləriylə bağlı plan... – Tural Piriyev açıqladı

Futbolun İnkişafı Fondunun “Biznes-klub” layihəsində cüzi problem yarandığını yazmışdıq.

Belə ki, fondun icraçı direktoru Tural Piriyev saytımıza açıqlamasında 8 iş adamından üçünün maliyyə dəstəyini dayandırdığını demişdi. Düzdü, bu üzdən layihə sayəsində “Zaqatala”ya edilən yardımın miqdarında azalma olmamışdı. Lakin “Biznes-klub”a yeni iş adamlarının cəlb edilməsi yönündə işlər görülməliydi.

Məsələnin nə yerdə qaldığını öyrənmək məqsədilə yenidən Tural bəylə əlaqə saxladıq. Onun “Football-plus.az”a cavabı:

“Bəli, “Zaqatala” üçün “Biznes-klub” üzvlərinin sayında azalma var idi. Amma layihəyə yeni şəxslər cəlb etdik. Tezliklə bu haqda ətraflı məlumat verəcəyik. Martın 15-də Şəkidə yerli sahibkarların iştirakıyla tədbirimiz olacaq və növbəti “Biznes-klub” layihəsinə başlayacağıq. Hələlik bu layihədə dörd iştirakçı var. Amma yekun say tədbirdən sonra bilinəcək. Bununla yanaşı, tezliklə üç bölgədə - Lerik, Şəki və Şəmkirdə geniş ictimaiyyəti əhatə edəcək ianə layihəmiz start götürəcək”.

Tural bəy fondun ümumi planları haqda fikirlərini bölüşdü:

“İlin əvvəlindən bir çox bölgədə olmuşuq, klublarla müəyyən işlər görülür. Daha çox strukturun təkmilləşdirilməsi, əməkdaşların bacarıqlarının artırılması, yerli ictimaiyyətlə əlaqələrin gücləndirilməsi və “oyun günü”nün təşkili yönündə çalışırıq. Həmçinin aprel və may aylarında premyer-liqa, 1-ci və 2-ci liqadakı bütün bölgə təmsilçilərinin iştirakıyla seminarlarımız nəzərdə tutulub. Bununla paralel sponsor danışıqları da davam edir. Müsbət yöndə irəliləyən proseslər var, amma hansının reallaşacağını zaman göstərəcək”.

KƏNAN BAHADIR
Seçilən
40
football-plus.az

1Mənbələr