Sinqapurun cəmi yarım əsr yaşı var, lakin onun sakinləri öz tarixləri ilə inanılmaz dərəcədə fəxr edirlər. Ada ölkəsi dörd milyon əhalisi ilə sıx məskunlaşan bir şəhər-dövlətdir. “Asiya İsveçrəsi” çoxları üçün materikin çox hissəsinin yoxsulluğundan, xaosundan və cinayətindən uzaq bir adadır.

Süni intellektlə idarə olunan xidmət
Sinqapur təyyarədən enən turistləri elə hava limanında heyrətləndirir. Çünki qüsursuz təmizliyi ilə seçilən Çanqi hava limanı şəhərin görməli attraksionlarından biridir. Terminallar arasında “skytrain”lər sərnişinləri daşıyır, mükəmməl texnologiya ilə idarə olunan xidmət təqdim olunur. Tranzit sərnişinlərə dincəlmələri üçün komfort zonalarda şərait yaradılır. Yaşıl park, şəlalə, quşların nəğməsi insanlara böyük və füsunkar bir təbiət parkında olduğunu hiss etdirir. Hava limanından şəhər mərkəzinə mükəmməl və müasir nəqliyyat sistemi qurulub. Sinqapuru gəzmək asandır: nəqliyyat sistemi dünyanın ən yaxşılarındandır.

Əsas növlər MRT (Kütləvi Sürətli Tranzit) və LRT (Yüngül Rail Tranziti) metrosudur. Ucuz və etibarlıdır, şəbəkələri demək olar ki, bütün turistik yerləri əhatə edir. Ödəniş yalnız kredit kartı və smart kartla həyata keçirilir. Avtobusa minərkən kartı sayğaca toxundurmaq lazımdır və bu zaman maksimum gediş haqqı tutulacaq. Avtobusdan düşdükdə kartı sayğaca yenidən toxunmaq lazımdır. Bu dəfə qiymət fərqi sizə qaytarılır. Yəni ödəniş məsafəyə görə qiymətləndirilir.

Saqqızı ancaq apteklərdən almaq olar
Sinqapurun “gözəl şəhər”lə bərabər, “cərimələr şəhəri” mənasını verən ləqəbi də var. Səfər öncəsi ölkənin Miqrasiya Xidmətində qeydiyyatdan keçəndə elektron poçtuma gələn məktublarda ölkənin narkotiklərə qarşı sərt qanunlarının olduğu qeyd edildi. Burada bədəndə hər hansı narkotik maddənin olması, hətta ölkədən kənarda istehlak edilsə belə, cinayətdir. Qaydaları pozan turistləri 10 min dollardan başlayan cərimələr və həbslər gözləyir. Şəhərin hətta kiçik cinayətlərə qarşı da sərt qanunları mövcuddur.

Məsələn, küçəni işıqforun qırmızı işığında keçmək, ictimai nəqliyyatda yeyib-içmək, tüpürmək, zibil atmaq qadağandır və yüksək məbləğdə cəriməsi var.
Ölkəyə saqqız idxalı qadağasının pozulması cərimə və ya hətta bir ilədək həbslə nəticələnə bilər. Küçədə saqqız çeynəmək və zibil atmağa görə cərimə tətbiq edilir, təkrar qayda pozuntusuna görə isə həbsə düşmək təhlükəsi var. Saqqızı ancaq apteklərdən almaq olar.

Qapalı ictimai yerlərdə, avtobuslarda, liftlərdə, kinoteatrlarda, teatrlarda, dövlət idarələrində, restoranlarda və mağazalarda siqaret çəkmək qadağandır. Küçədə isə yalnız xüsusi ayrılmış yerlərdə, yuxarı hissəsində külqabı olan yaşıl zibil qutularının yanında siqaret çəkmək olar. Gəzinti zamanı siqaret çəkmək qadağandır.

Amma son illər turistlər üçün bəzi məhdudiyyətlər yumşaldılıb. Məsələn, indi turistlər bütün gecəni barda rəqs etmək hüququ qazanıblar.