“Real”ın baş məşqçisi Karlo Ançelotti “qaymaqlılar”ın sıx oyun təqvimi ilə bağlı narazılığını bildirib, maraqlı açıqlaması ilə diqqət çəkib.
Arena.az “Sport.es” dərgisinə istinadən, italyan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Mən başa düşmürəm ki, bu, necə ola bilər, son oyunun vaxtından heç üç gün keçməyib. Amma bu təqvim elə, olduğu kimidir. Ümidvaram ki, bir gün bunu dəyişmək mümkün olacaq. Bu, gərgin mövsümdür, biz dayanmır və hər üç gündən bir oynayırıq. Mənim fikrimcə, bu, çox mütəmadi surətdə baş verir. Bəli, meydana mən çıxmıram, amma komandamı hər üç gündən bir oyun üçün hazırlamalıyam.
Niyə İspaniya La Liqası bu oyunu (“Vilyarreal” ilə La Liqasnın 28-ci tur səfər oyunu) sonraya təxirə sala bilmədi? Televiziya, pullar və digər təfərrüat, üstünlüklər belə müəyyənləşdirilir. Zədə ala biləcəkləri ilə bağlı təhlükə qarşısında olan futbolçuların bərpası haqda söhbət isə ən axırda dayanır”, deyə Ançelotti narazılıqla vurğulayıb.
Xatırladaq ki, martın 12-də “Real” Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunu çərçivəsində səfərdə Madrid “Atletiko”su ilə qarşılaşıb (evdə 1:0; səfərdə 0:1, penaltilərlə 4:2). Bu gün, martın 15-də isə “qaymaqlılar” səfərdə “Vilyarreal”la üzləşəcəklər.
27 oyundan 57 xalla “Real” İspaniya La Liqasının yarış cədvəlinin 2-ci pilləsində qərarlaşıb.