(Analiz)
Ermənistan Baş naziri Nikol Paşinyan son bəyanatında Azərbaycanın ərazi bütövlüyünü tanımağa və sülh müqaviləsini imzalamağa hazır olduğunu açıqladı. Bu, uzun illər davam edən münaqişənin rəsmi şəkildə başa çatması üçün mühüm bir addım kimi qiymətləndirilir.
Lakin İrəvan müqaviləni imzalamazdan əvvəl ölkənin konstitusiyasına dəyişiklik etməyi planlaşdırır. Çünki Ermənistan Konstitusiyasının bəzi müddəaları Azərbaycanın ərazi bütövlüyünə qarşı dolayısı ilə iddialar ehtiva edir. Paşinyan hökuməti bu dəyişiklikləri etməklə Azərbaycanla sülhə real zəmin yaratmağa çalışır, eyni zamanda, Ermənistan cəmiyyətini bu müqaviləyə hazırlamaq istəyir.
Azərbaycanın mövqeyi və şərtləri
Azərbaycan dəfələrlə bəyan edib ki, bölgədə sülhün və təhlükəsizliyin təmin olunması üçün konkret və praktik addımlar atılmalıdır.
Azərbaycanın əsas şərtləri bunlardır:
İlk növbədə Ermənistan Konstitusiyasında dəyişikliklər edilməlidir. Ona görə ki, bəzi qanunverici aktları Azərbaycana qarşı ərazi iddialarını ehtiva edir. Bu da sülh müqaviləsinin imzalanmasının qarşısında duran əsas məsələlərdən biridir.
Sərhədlərin demarkasiyası və delimitasiyası yekunlaşdırılmalıdır. Azərbaycan və Ermənistan arasında sərhəd xətləri dəqiq müəyyən olunmalıdır ki, gələcəkdə yeni münaqişələr üçün zəmin yaranmasın.
Bundan başqa, nəqliyyat - kommunikasiya xətləri açılmalıdır. Xüsusilə Zəngəzur dəhlizinin açılması Azərbaycanın əsas tələblərindən biridir. Bu, Azərbaycan və Türkiyə arasında quru əlaqəsini gücləndirəcək və regionun iqtisadi potensialını artıracaq.
Beynəlxalq Reaksiya
Sülh prosesi təkcə Bakı və İrəvan arasındakı ikitərəfli danışıqlarla məhdudlaşmır. Böyük güclər bu prosesdə müxtəlif maraqlara malikdirlər.
Ermənistanın son illərdə Qərbə meyillənməsi Moskvanın bölgəyə təsirini azaldıb. Kreml istəyir ki, sülh prosesində əsas vasitəçi kimi qalmaqda davam etsin və bölgədəki hərbi mövcudluğunu qoruyub saxlasın.
Avropa İttifaqı, ABŞ, ümumilikdə Qərb Ermənistanın Rusiyadan uzaqlaşmasını və daha çox Avropa institutlarına inteqrasiya etməsini istəyir. Bu səbəbdən, Qərb sülh müqaviləsinin imzalanmasını sürətləndirmək üçün İrəvana siyasi və iqtisadi dəstək verir.
Türkiyə də prosesin yaxın izləyicisidir və Azərbaycanın maraqlarına uyğun sülhün əldə olunmasını istəyir. Həmçinin, Ermənistanla münasibətləri normallaşdırmaq üçün bu müqavilənin imzalanmasını vacib sayır.
İran isə Ermənistanın Azərbaycana qarşı balanslaşdırıcı rolunu saxlamaq istəyir. Xüsusilə, Zəngəzur dəhlizinin açılması məsələsi Tehranın maraqlarına uyğun deyil, çünki bu, İranın Ermənistan üzərindəki təsirini zəiflədə bilər.
Bəs sülh müqaviləsi baglana bilərmi?
Müqavilənin Azərbaycan üçün bir çox üstünlükləri var. Bunlar aşağıdakılardır:
- Ermənistan rəsmi olaraq ərazi iddialarından əl çəkməlidir. Bu da Azərbaycanın ərazi bütövlüyünün beynəlxalq hüquq çərçivəsində tam təsdiqlənməsi demək olacaq.
- Regionda nəqliyyat-kommunikasiya xətlərinin açılmalıdir. Əgər Zəngəzur dəhlizi açılarsa, Azərbaycanın iqtisadi və geosiyasi mövqeyini gücləndirəcək. Eyni zamanda, beynəlxalq yükdaşımalarda Azərbaycan mühüm rol oynayacaq və tranzit ölkəyə çevriləcək. Bu da ölkəmiz üçün iqtisadi inkişaf və sosial rifah deməkdir.
- Sərhədlərin müəyyən olunacaq .Bu, gələcəkdə mümkün təxribatların və sərhəd gərginliklərinin qarşısını alacaq. Beləliklə, hər iki ölkə arasında yeni münaqişə ehtimalı sıfıra enir.
- Ermənistanın revanşist siyasət yürütmək imkanlarının məhdudlaşdırılır. Sülh müqaviləsi imzalandıqdan sonra Ermənistan ordusunu gücləndirmək və hərbi avantüralara başlamaq üçün siyasi və iqtisadi əsaslardan məhrum olacaq.
Ermənistan üçünsə həm müsbət, həm də mənfi tərəfləri var.
Müsbət tərəfləri aşağıdakılardır:
- Sülh müqaviləsi imzalandıqdan sonra Ermənistanın iqtisadi blokadası faktiki olaraq aradan qalxacaq. Xarici investisiyalar və beynəlxalq dəstək artacaq. Türkiyə və Azərbaycanla münasibətlərin normallaşması iqtisadi inkişafa səbəb olacaq.
Mənfi tərəfləri isə bunlardır:
Müxalifət və bəzi hərbi-siyasi dairələr bu müqaviləyə qarşı çıxa bilər və daxili siyasi gərginlik yarana bilər. Rusiya Ermənistanı tamamilə Qərbə buraxmaq istəmədiyindən, Moskvanın reaksiyası sərt ola bilər.
Regional və Beynəlxalq Təsirlər
Azərbaycan-Türkiyə əməkdaşlığı daha da güclənəcək. Rusiya bölgədə təsirini saxlamaq üçün yeni yollar axtaracaq. İran Ermənistanın geosiyasi istiqamətindəki dəyişikliklərə qarşı tədbirlər görə bilər. Qərb regionda Rusiyanın təsirini zəiflətmək üçün Ermənistana daha çox siyasi dəstək verəcək.
Gələcək ssenarilərə gəlincə
Əgər müqavilə imzalanarsa, Azərbaycan və Ermənistan arasında diplomatik münasibətlər qurulacaq və yeni dövr başlayacaq. Ermənistanın Azərbaycanla sərhəddə hərbi toqquşmalar üçün motivasiyası azalacaq.Bölgədə iqtisadi və ticarət əlaqələri canlanacaq. Ermənistanın Qərbə inteqrasiyası sürətlənəcək.
Bəs müqavilə imzalanmazsa nə baş verəcək?
Ermənistan daxilində siyasi qeyri-sabitlik güclənə bilər. İrəvanın Qərblə Rusiya arasında geosiyasi balansı qorumağa çalışması nəticəsində ölkə daxili qarşıdurmalar yaşaya bilər. Azərbaycan-Ermənistan sərhədində yenidən gərginliklər yarana bilər. Rusiya prosesə daha sərt müdaxilə edə bilər və Ermənistanı öz orbitində saxlamaq üçün yeni addımlar ata bilər.
Rövşən Ziya Vəzirli
Müstəqil jurnalist
Qeyd; yazının media orqanlarında da dərc olunmasını istəyirəm.
Demokratikmusavat.com