Deyirlər şairləri, yazıçıları, ümumiyyətlə sənətkarları müqayisə etməzlər. Əvvəla, hər sənətkarın öz yeri var, sonra arada zövq məsələsi var. Məsələn, sən Ramiz Rövşəni sevirsən, mən isə “Heydər Baba” aşiqiyəm. Amma burda bir məsələ də var: keyfiyyəti üzə çıxarmağın yeganə yolu müqayisələrdən keçir...
Keşənil yayda, rayonda olanda gənclik illərimi yada saldım, Cek Londonun uşaqlıqdan ruhuma iz salmış “Əcdadların Harayı” və “Ağ Diş” povestlərini yenidən oxudum. Düzü, əvvəlki qədər xoşuma gəlmədi - insan və heyvan düşüncələrinin yaxınlaşması, təbiət təsvirlərinin bir-birinə qarışması, təkrarlar, bir-birilə uzlaşmayan məqamlar adamı yorur. Siz məni qınamayın, əlimə qələm götürmək, əsərləri başdan ayağa redaktə etmək istədim. Amma bu mənasız işdən vaz keçdim, Cek Londondan Maksim Qorkiyə sərt bir keçid etdim...
“Uşaqlıq”, “Özgə Qapıları” və “Mənim Universitetlər”im... Atam hələ orta məktəbdə olanda bu povestləri mənə vermişdi... Bir də oxudum və Maksim Qorkinin nəhəngliyinə heyran qaldım: Çar Rusiyasını təsviri, insan xarakterləri, realizm və dramatizm... Qaradan qara, ağdan ağ rənglər... Dərin düşüncələr, əsrarəngiz təsvirlər... İlahi, Yazıçı qələmi nələrə qadirdir, təsvir etməkdə hətta söz acizdir... Yeri gəlmişkən, müqayisəni nahaq vermədim, təsdiq olunmuş məlumatlara görə, Cek London və Maksim Qorki öz zamanlarının ən çox oxunan və qonorar alan yazıçılarıdır...
Qalib ARİF
Demokratikmusavat.com