"Berkshire Hathaway" bəyan edib ki, uzun müddətdir şirkətin direktorlar şurasının üzvü olan Ronald Olson yeni qaydalara əsasən vəzifəsindən ayrılacaq. Bu qaydaya görə, Uorren Baffet (Warren Buffett) istisna olmaqla, 80 yaşını keçmiş bütün direktorlar istefa verməlidirlər.
Valyuta.Az xəbər verir ki, 3 mayda keçiriləcək illik yığıncaq üçün dərc olunan səsvermə sənədində "Berkshire" bildirib ki, direktorlar şurası səhmdarların irəli sürdüyü yeddi təklifin rədd edilməsini yekdilliklə tövsiyə edir. Bu təkliflərdən üçü şirkətin törəmə müəssisələrində müxtəliflik və ayrı-seçkiliyin qarşısının alınması ilə bağlıdır.
Şirkət həmçinin Baffetin 2024-cü ildə ümumilikdə 405 111 dollar məvacib aldığını açıqlayıb. Bu məbləğ onun hər il olduğu kimi 100 000 dollar maaşından və şəxsi təhlükəsizlik xərclərindən ibarətdir.
Baffetin baş icraçı direktor kimi varisi hesab edilən vitse-sədr Qreq Abel və digər vitse-sədr Əcit Ceyn hər biri 1 milyon dollar artımla 21 milyon dollar məvacib alıblar.
62 yaşlı Abel sığorta sahəsinə aid olmayan, o cümlədən "BNSF" dəmiryolu və "Berkshire Hathaway Energy" kimi biznesləri idarə edir. 73 yaşlı Ceyn isə "Geico" avtomobil sığortası da daxil olmaqla, sığorta bizneslərinə rəhbərlik edir.
83 yaşlı Olson "Munger, Tolles & Olson" hüquq firmasının tərəfdaşıdır və 1997-ci ildən "Berkshire"ın direktorlar şurasının üzvüdür. O, korporativ idarəetmə qaydalarında yaş həddinin tətbiq olunması səbəbindən 14 nəfərlik direktorlar şurasını tərk edir. Baffet istisna olmaqla, bütün digər direktorlar 75 yaş və ya daha cavan şəxslərdir. Olson mövzu ilə bağlı açıqlama verməkdən imtina edib.
Baffetə yaş məhdudiyyətindən istisna tanınıb, çünki o, "Berkshire"ın səsvermə hüququnun 30,3%-nə nəzarət edir. Bu da 5%-dən çox səs payına sahib olan şəxslər üçün nəzərdə tutulan qaydaya uyğun gəlir.
94 yaşlı milyarder eyni zamanda "Berkshire" səhmlərinin təxminən 14,4%-nə sahibdir. O, təqaüdə çıxdıqdan sonra müstəqil direktorlar istəyərsə, direktorlar şurasında qalmaq hüququna malik olacaq.
Səhmdar təklifləri arasında mühafizəkar investorlar tərəfindən irəli sürülən bir neçə qətnamə var. Bu qətnamələr "Berkshire"ın biznes təcrübələrinin əməkdaşlara irqi, dini, cinsi, milli mənsubiyyət və siyasi baxışlar baxımından təsirini dəyərləndirməsini tələb edir. Həmçinin, şirkətin törəmə müəssisələrinin irqi əsaslı təşəbbüslərinin yaratdığı risklərin araşdırılması təklif edilir.
Şirkət rəhbərliyi bu hesabatların lazımsız olduğunu bildirərək, törəmə müəssisələrin öz siyasətlərini müəyyən etdiyini və "Berkshire"ın yanaşmasının sadə olduğunu vurğulayıb – "qanuna riayət etmək və düzgün olanı etmək".
Direktorlar şurası həmçinin müxtəliflik və inklüzivliyə nəzarət edən komitənin yaradılması təklifinə qarşı çıxıb. Şuranın fikrincə, bu məsələ artıq audit komitəsinin nəzarəti altındadır.
Bundan əlavə, müstəqil direktorların süni intellektlə bağlı risklərə nəzarət etməsi təklifi də rədd edilib. Şura bu təklifin "Berkshire"ın mərkəzləşdirilməmiş idarəetmə modelinə uyğun gəlmədiyini qeyd edib.
Rəhim