Qarabağ Universitetində oxuyan tələbələr tətildə evə qayıtmağa bilet tapa bilmir.
Bu aktual problem barədə tanınmış lor həkimi, övladı Qarabağ Universitetində təhsil alan Ramil Həşimli sosial media hesabında yazıb. Azadmedia.az valideynin haqlı iradını olduğu kimi dərc edir:
"Ölkə olaraq, Xalq olaraq ən böyük problemimiz - ortada olanların aşağı ilə yuxarı arasında bağı qurmaması, qura bilməməsidir!
Saya biləcəyimiz minlərlə misaldan birini yazacam, anlayacaqsız nə demək istədiyimi.
Yəqin ki, çoxunuz bizim Əlinin Qarabağ Universitetində oxuduğunu bilirsiniz. Şükür dərslərindən də, yaşayış şəraitindən də özü də, onun dedikləri ilə biz də razıyıq. İnşallah zamanla daha da yaxşı olacağına inanırıq. Amma, bir problemimiz var.
Qəbul zamanı statistikadan xatırlayıram, 1200 nəfərlik tələbə kontenjanının təxminən 20%-i Abşeron yarımadasında yaşayanlardır. Bu tələbələr il ərzində bir neçə dəfə bayram və semestr tətillərində evə gəlib-gedirlər. Amma, işə bax ki, Bakı-Xankəndi-Şuşa-Laçın reysi ilə gündəlik cəmi 1 (!) avtobus işləyir (maksimum 50 yerlik). Bu uzun reyslə çalışdığı üçün də Xankəndi dayanacağına kvotalı bilet satılır. Yəni, düşünün ki, bir tətil zamanı Xankəndi-Bakı-Xankəndi üzrə maksimum 20 tələbə satışa çıxdığı andan bir neçə dəqiqədə tükənən biletlərdən ala bilər (ancaq tələb gələcək düşüncəsi ilə yanaşsaq hələ).. Bəs qalan 200-ü nə etsin? Taksi, kiçik tutumlu avtobuscuqlar (10-12 nəfərlik), Bərdə, Gəncə və digər şəhərlərə gəlib ordan müxtəlif vasitələrlə gəlmə və s. kimi seçimlər qalır ortada. Bu zaman da uşaq Xankəndidən çıxıb Bakıya, Bakıdan çıxıb Xankəndiyə çatana qədər valideynlərin keçirdiyi stressi düşünün.
Normalda bu zamanlarda AYNA - Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin müxtəlif istiqamətlərə açdığı əlavə reysləri haqda yazılar oxuyuruq. Amma, bir dəfə görmədim ki, Xankəndiyə 2-ci avtobus ayrılmış olsun! Hələ düşünək ki, orda təkcə tələbə yox, universitet personalından tutun, başqa sahə çalışanları və ailələri də tətilə evlərinə gəlirlər. Yaxşı kim düşünməlidir bu məsələni? Pul qazanmırsınızsa (ki, o ehtimal da 0-a yaxın!) ordakı fədakar insanların (ağlıma başqa söz gəlmədi) evə gəlməsini düşünməməlisinizmi? Yəni 1-cə nəfər də bunu düşünən çalışanınız yoxdurmu???
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi o tələbələr sizə əmanətdir. Əmanətinizə orda sahib çıxırsınız təşəkkür edirəm. Amma bu məsələ də bir təhlükəsizlik məsələsidir, AYNA qarşısında bir an öncə vəsatət qaldıracağınıza ümid edirəm.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası biz övladlarımızı dövlətimizə güvənərək oralara göndərmişik. Şəxsən mənə qohum, dost, tanış, onlarla insan (hətta ölkə xaricindən belə) qorxmursanmı uşağı göndərməyə sualı verəndə, qısaca "1 il öncəki antiterror əməliyyatında şəhid olanlar içində Əlidən cəmi 1 yaş böyük olanlar var.." demişəm. Bu yazdığım məsələni nəzarətə götürmənizi öz və digər (düşünürəm ki, mənlə eyni dərdi paylaşan) valideynlər adından rica edirəm.
p.d. Qayıdaq ilk abzasa - düşünməli olanlar vaxtında düşünsəydilər, 2 həftəlik Fb tətilimi yarım qoyub yazma ehtiyacı duymazdım.. Yazdıqlarım tək Bakı deyil, digər populyar istiqamətlərə də aiddir".