“Sumqayıt”ın baş məşqçisi Vaqif Cavadov Azərbaycan Premyer Liqasının 27-ci turunda “Turan Tovuz”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, o, 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:
“Gərgin oyun keçdi. Hər iki komanda qalib gəlmək istəyirdi. Biz daha istəkli idik. “Turan Tovuz”a uğurlar arzulayıram. Biz isə yolumuza davam edəcəyik.
Miloş Miloviç cəzalı durumda idi. “Turan Tovuz”un üstün cəhətlərini bilirdik. Alan Dias komandaya kömək etdi. Ona və bütün komandaya təşəkkür edirəm”.
Vaqif Cavadov komandasının uğursuzluq zolağından çıxdığını bildirib:
“Mən bu çətin dövrü keçməliydim. Belə dönəm hər məşqçinin karyerasında olur. Eyforiyaya qapılmamalıyıq. Həmişə demişəm ki, futbolçularıma inanıram. Çətin zolaqdan keçdik. Bu qələbələr bizi yaxşı duruma gətirib çıxardı”.
Cavadov bu oyunda qapını gənc Xəyal Fərzullayevə tapşırmasına da münasibət bildirib:
“Akademiyamızın futbolçularına üstünlük verirəm. Mehdi Cənnətov bizim əsas qapıçımızdır. Amma onun üzərində təzyiq var idi. Buna görə də istirahət verdik. Xəyal son üç oyunda özünü doğruldur. Hər üç qapıçıya güvənirəm. Hər birinə şans verəcəyəm. Səbrlə, başımızı aşağı salıb yolumuza davam edəcəyik”.
“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev isə komandasının məğlubiyyətinə belə şərh verib:
“Əfsuslar olsun ki, hər oyunda kobud səhvlər buraxırıq. Bu birbaşa nəticəyə təsir edir. Çətin də olsa, səhvləri futbolçulara göstəririk, başa salırıq. Amma yenə eyni səhvləri edirlər.
Seleksiyada səhv görmürəm. Səhvlər kompleks şəkildədir. Problemlərin nə olduğunu deməyəcəm. Amma məsuliyyəti öz üzərimdən atmıram. Bütün məsuliyyət məndədir.
Avrokuboklara vəsiqə qazana bilməsək, burada qalacağammı? Qalacağam. Vəzifəmiz olduğu kimi qalır. Belə üzücü məğlubiyyətlər olur. Səhvlər nəticəyə təsir edir. Qarşıda daha bir dövrə var”.