AZ

Karlo Ançelotti İspaniya La Liqasını tətillə hədələdi

Madrid “Real”ının baş məşqçisi, italyan mütəxəssis Karlo Ançelotti İspaniya La Liqasını tətillə hədələyərək, şərt irəli sürüb.

Arena.az İspaniya klubunun rəsmi saytına istinadən məlumat verir ki, Ançelotti “qaymaqlılar”a ən azı 72 saatlıq istirahət verilməyəcəyi halda, növbəti oyuna çıxmayacaqlarını car çəkib:

“Bu gün biz 72 saatlıq istirahətsiz sonuncu dəfə oynadıq. Biz La Liqadan bunu dəyişməyi iki dəfə xahiş etmişik, amma heç nə baş vermədi. İstirahətə olan, istədiyimiz bu müddət bizə verilməyənə qədər, Madrid “Real”ı bir daha meydana çıxmayacaq”, deyə Karlo Ançelotti mətbuat toplantısında vurğulayıb.

Xatırladaq ki, “Real” martın 12-də UEFA Çempionlar Liqasının 1/8 finalının Madrid “Atletiko”su ilə cavab oyunu (evdə 1:0; səfərdə 0:1, penaltilərlə 4:2) çərçivəsində meydana çıxıb. Martın 15-də isə “qaymaqlılar” İspaniya La Liqasının 28-ci turu çərçivəsində səfərdə “Vilyarreal”la üz-üzə gəliblər (2:1).

Hazırda “Real” 28 oyundan 60 xalla İspaniya La Liqasının yarış cədvəlinə şərti lider qismində başçılıq edir.

Seçilən
68
arena.az

1Mənbələr