AZ

“Sağlam ailə – sağlam cəmiyyətin təməlidir”- Psixoloq Nərgiz Əliyeva ilə MÜSAHİBƏ

Ailə institutunun qorunması və müasir dövrdə üzləşdiyi problemlər cəmiyyət üçün aktual məsələlərdən biridir. QHT.az olaraq bu mövzuda kouç-psixoloq Nərgiz Əliyeva ilə söhbətləşdik. Müsahibədə ailə dəyərlərinin dəyişən rolu, boşanmaların artma səbəbləri və müasir Azərbaycan qadınının qarşılaşdığı çətinliklər müzakirə olundu.

 

QHT.az: Ailə institutunun qorunması üçün psixoloq olaraq təklifləriniz nədən ibarətdir?

Nərgiz Əliyeva: Ailə institutunun uzun tarixi var. Ənənəvi olaraq ailə həyat yoldaşları və onların övladlarından ibarətdir. Ənənəvi ailə dəyərlərinə inam, sədaqət, məhəbbət, hörmət, qarşılıqlı yardım və xeyirxahlıq daxildir. Bu, müasir ailə dəyərlərinin tam siyahısı deyil. İndi zaman dəyişib, insanların tələbləri də dəyişib. Qadın rolları artıq yalnız yemək bişirmək və evi təmizləməklə məhdudlaşmır. İndi qadınlar daha çox müstəqillik və şəxsi inkişaf istəyirlər. Bu nə yaxşıdır, nə də pis. Bu, sadəcə zamanın tələbidir. Lakin hər kişi bunu qəbul etməyə hazır deyil, çünki öz ailələrində valideynlərindən fərqli münasibət görüblər. Ona görə də cütlüklər çətin, transformasiya dövründən keçirlər.

Bu gün insanlar hansı məqsədlə ailə qururlar? Bu sualın cavabı ailənin əsas dəyərlərini anlamağa kömək edəcək. Birincisi, yeni nəsil formalaşdırmaqdır. İkincisi, sevgi və dəstəkdir. Gözəl bir ifadə var: münasibətdə qadının güvənliyə, kişinin isə ucalma hissinə ehtiyacı var. Bu hisslər çox önəmlidir. Həyat və münasibət qurarkən kişi və qadın bunu nəzərə almalıdır. Buna əsaslanaraq, ilk növbədə evlilikdən öncə ailə həyatından nə gözlədiyimizi çox yaxşı anlamalıyıq. Əmin olmalıyıq ki, şəxsi gözləntilərimiz travmalarımızın əks olunması deyil. Evlənəndə həyat yoldaşımızın simasında ana, ata, uşaq, dost və ya qulluqçu axtarmamalıyıq. Əksinə, münasibət hörmət və sevgi üzərində qurulmalıdır və bu, yalnız yetkinlik mövqeyindən mümkündür. Lakin keçmiş travmalar insanı uşaqlıq mövqeyində saxlaya bilər. Nəticədə isə bu travmalar həyat yoldaşına proyeksiya olunur. Məhz bu səbəblər ailədə anlaşılmazlığa və boşanmalara gətirib çıxarır.

 

QHT.az: Bu gün boşanma hallarının sayı günü-gündən artır. Sizcə, ailə institutunun qorunması üçün çıxış yolu nədir?

Nərgiz Əliyeva: Statistikaya görə, boşanmaların əsas üç səbəbi var: maddi problemlər, xəyanət və anlaşılmazlıq. Lakin bunlar səbəb deyil, nəticədir. Boşanmaların əsas səbəbi insanların evlilikdə rollarını dərk etməməsidir. Bu, bizə bir daha sübut edir ki, evlilikdə gözləntilər və real rollar üst-üstə düşmür. Səbəbləri araşdırsaq görərik ki, ailədə qadın və ya kişi öz rolunu doğru ifa etmir. Məsələn, xanım ərindən yalnız maddi dəstək gözləyir, sanki bununla da həyat yoldaşının üzərinə atalıq məsuliyyətini qoyur. Digər hallarda isə əksinə, xanım bütün ailənin maddi yükünü öz üzərinə götürür və beləliklə, qadın ər üçün ana rolunu oynamağa başlayır. Bütün bunlar ailədə rolların qarışmasına səbəb olur.

Xəyanətin səbəblərini araşdırsaq görərik ki, vaxtilə sevilən və arzulanan qadın yalnız ana obrazına çevrilir. Nəticədə kişinin həyatında sevgi boşluğu yaranır və bu boşluğu doldurmaq üçün başqa bir qadın ortaya çıxır. Həmin qadın isə sevilən qadın rolunu yerinə yetirir. Bütün bunlar isə ailədə anlaşılmazlıq və ziddiyyətlərə yol açır və boşanmaya gətirib çıxarır.

 

QHT.az: Sizcə, müasir Azərbaycan qadınının əsas qayğıları və problemləri nələrdir?

Nərgiz Əliyeva: Müşahidələrimə əsasən deyə bilərəm ki, Azərbaycan qadını öz həyatını mərkəzə qoymur. Bir psixoloq kimi görürəm ki, qadınlarımız həyatlarının mərkəzinə həyat yoldaşlarını, övladlarını, işlərini və valideynlərini qoyurlar. Bu, onların özlərinə olan sevgi hissini zəiflədir və daxili aləmləri ilə əlaqəni itirmələrinə səbəb olur. Qadın öz həyatını mərkəzə qoymadıqda yorulur, depressiyaya düşür, arzularını dərk etmir və nəticədə öz dəyərini və özünəgüvənini itirir. Bu isə o deməkdir ki, onun ən böyük problemi özünü dərk etməməsidir.

 

QHT.az: Cəmiyyəti inkişaf etdirən faktorlar hansılardır?

Nərgiz Əliyeva: Sağlam cəmiyyət sağlam ailədə formalaşır. Hesab edirəm ki, ailədə valideyn və uşaqların münasibəti sevgi üzərində qurulmalıdır. Harmoniya hökm sürməlidir. Belə bir ailədə böyüyən uşaq özünü dəyərli hiss edir və sevgi, qayğı ilə əhatə olunur. Ailələrdə övladlara olan münasibət onların təhsilinə və hobbilərinə yönəldilməlidir. Sevgi, həyat boyu uşağa güc və motivasiya verir. Belə bir mühitdə böyüyən uşaq təhsilinə və şəxsi inkişafına diqqət yetirəcək və cəmiyyət üçün faydalı bir insan olacaqdır.

 

Pərvanə Fərhdqızı

QHT.az

Seçilən
24
qht.az

1Mənbələr