11 qolsuz oyuna görə tənqid tonqalında qovrulan Vaqif Cavadov son iki qələbəyə görə də öyülməlidir, haqqını almalıdır. “Kəpəz”lə qarşılaşma heç də asan deyildi, qələbə qazanıldı. “Turan Tovuz”la oyun isə psixoloji aspektdən də möhkəm hazırlıq tələb edirdi və Cavadovun komandası doğru oyunla özündən güclü rəqibi onun meydanında udmağı bacardı.
Bu ardıcıl qələbələrin verdiyi gözəl əhval bir yana, hər iki oyundan sonra Vaqifin açıqlamaları diqqət çəkdi.
Məğlubiyyət epidemiyasında özünü itirən gənc məşqçi ardıcıl səhvlər buraxdı. Dedikləri onu lovğa, emosiyaları idarə edə bilməyən yarım həvəskar məşqçi kimi göstərirdi. Lakin…
Ötən tur böyükhesablı qələbədən sonra o, daha təkəbbürlü olan reaksiyalar verə bilərdi. Ancaq, “Çox danışmaqdansa, çox işləmək lazımdır” deyib, dolayısıyla səhvini etiraf etmiş oldu. Ayıldı və anladı ki, o ritorika yalnız geriyə aparacaq.
Və budur, vacib, mühüm, ağır oyunda qələbə. Cavadov isə inkişaf edəcəyinin mesajını verir: “Eyforiyaya qapılmamalıyıq”.
Artıq sistemli, emosional kontrolda olan birini görürük. Bu tərzlə böyümək mümkündür, Vaqif.
Kamil Əhməd