AZ

İsraili və Onun Gəmilərini Hədəf Almağa Davam Edəcəyik - Husilər

BAKI,TurkicWorld

Qəzzaya Yardımlar Çatdırılana Qədər İsrail və Onun Gəmilərini Hədəf Almağa Davam Edəcəyik

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, Husilər Qəzzaya humanitar yardımların fasiləsiz çatdırılması təmin olunana qədər İsrail və onun ticarət gəmilərinə hücumları davam etdirəcəklərini bir daha bəyan edib.

Husilər bu açıqlamanı rəsmi media kanalları vasitəsilə yayıb və İsrailin bölgədəki siyasətini dayandırmaq üçün mübarizələrini davam etdirəcəklərini vurğulayıblar.

Hərəkatın nümayəndələri, İsrailin Qəzzadakı mülki əhaliyə qarşı həyata keçirdiyi blokadanın aradan qaldırılmadığı müddətcə Qırmızı dəniz və digər bölgələrdə İsrailə məxsus gəmiləri və müttəfiqlərinin dəniz ticarət yollarını hədəf almağa davam edəcəklərini bildiriblər.

Bundan əvvəl də Husilər İsrailə qarşı bir neçə hücum həyata keçirmiş və Qırmızı dənizdəki gəmiləri vurmuşdu. Bu hücumlar, beynəlxalq ticarət yollarında təhlükəsizliyə ciddi təsir göstərmiş və bölgədəki gərginliyi artırmışdı.

Müşahidəçilər qeyd edirlər ki, beynəlxalq diplomatik səylər olmadan bölgədəki gərginliyin daha da artması mümkündür.

Qeyd edək ki, keçdiyimiz günlərdə ABŞ prezidenti Donald Trampın göstərişi ilə Pentaqon Yəməndə husilərə qarşı genişmiqyaslı hava hücumları həyata keçirib.

ABŞ ordusu Yəməndə İranın dəstəklədiyi husi üsyançılarına qarşı 40-dan çox hava zərbəsi endirib. Husilər hücum nəticəsində aralarında mülki vətəndaşların da olduğu 31 nəfərin həlak olduğunu bildirib.

Əməliyyat əsasən paytaxt Sənanın şimalındakı Saada vilayətini hədəf alıb. Xüsusilə Kəhza rayonunda iki yaşayış binasının vurulması nəticəsində azı 15 nəfərin öldüyü bildirilir. Hücumlara cavab olaraq husilər ABŞ-ın "Harry S. Truman" təyyarə gəmisini 18 raket və pilotsuz uçuş aparatı ilə hədəfə aldıqlarını açıqlayıb.

ABŞ prezidenti Donald Tramp sosial media açıqlamasında husilərin hücumlarının ABŞ və dünya iqtisadiyyatına milyardlarla dollara başa gəldiyini bildirib. O, husilərə müraciətlə “Vaxtınız bitdi. Hücumlarınız dayanmazsa, daha əvvəl görmədiyiniz bir dəlilik başınıza yağacaq” deyə xəbərdarlıq edib.

ABŞ mənbələri hücum planının Tramp tərəfindən cümə günü təsdiqləndiyini və İsrailin bu barədə məlumatlandırıldığını bildirir. Mənbələr qarşıdakı həftələrdə hava zərbələrinin daha da artacağını ehtimal edirlər.

Seçilən
6
turkic.world

1Mənbələr