“Roma”nın 36 yaşlı alman mərkəz müdafiəçisi Mats Hummels paytaxt klubunun azarkeşlərinə müraciət edərək onlardan üzr istəyib.
Arena.az xəbər verir ki, təcrübəli futbolçu Avropa Liqasının 1/8 final mərhələsinin Bilbao “Atletik”i ilə cavab oyununda qırımızı vərəqə alaraq “canavarlar”ın məğlubiyyətinə rəvac verməsində özünü təqsirli sayıb:
“Mən çox təəssüf edirəm. Azarkeşlərimiz və həmçinin komanda yoldaşlarım qarşısında üzrxahlıq etmək istəyirəm. Sarsaq və dəhşətli səhvimlə hamını pis vəziyyətdə qoydum”, deyə Hummels təəssüflə vurğulayıb.
Xatırladaq ki, İtaliya paytaxtındakı ilk oyunda 2:1 hesablı əzmkar qələbə qazanmış “Roma”, səfərdə 1:3 hesabı ilə məğlub olaraq, Avropa Liqasındakı çıxışına xitam verib. Bunda Hummelsin İspaniyadakı oyunun 11-ci dəqiqəsində qırmızı vərəqə alaraq komandasını azlıqda qoyması həlledici rol oynayıb.
2024-cü ilin yayında Dortmund “Borussiya”sından azad agent kimi ayrılmış alman mərkəz müdafiəçisi Mats Hummels sentyabr ayında “Roma” ilə 1 illik müqavilə bağlayıb. O, cari mövsümdə “canavarlar”ın heyətində 17 oyun keçirib, 1 qola imza atıb.
Mats Hummels Almaniya nəhəngi “Bayern”in yetirməsidir. Alman müdafiəçi 2008-2016-cı illərdə “Borussiya”da çıxış edib, daha sonra “Bayern”də 3 il keçirərək 2019-cu ildə yenidən Dortmunda qayıdıb. Ümumiyyərtlə, Hummels daha öncə yalnız bu iki Almaniya nəhənginin heyətində çıxış edib.
Mats Hummels 2010-cu ilin mayında debüt etdiyi Almaniya yığmasının heyətində 78 oyun keçirib, 5 qol vurb, 7 məhsuldar ötürmə verib. Mats DÇ-2014-ün qalibidir.
“Transfermarkt” internet-portalı 36 yaşlı müdafiəçinin transfer dəyərini 3,5 milyon avro məbləğində qiymətləndirir.