BAKI, TurkicWorld
Tramp administrasiyası federal hakimin qərarına baxmayaraq, yüzlərlə qeyri-qanuni immiqrantı deportasiya edib.
TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, ABŞ hökuməti Venesuelanın "Tren de Aragua" dəstəsi ilə əlaqəsi olduğu iddia edilən 250-dən çox qeyri-qanuni immiqrantı El Salvadora göndərib.
Səlahiyyətlilər bildiriblər ki, Trampın imzaladığı sərəncama əsasən, müharibə zamanı istifadə edilən deportasiya səlahiyyətləri aktivləşdirilib və qruplaşma ilə əlaqəli olduğu iddia edilən şəxslər sürətlə ölkədən çıxarılıb.
ABŞ Dövlət katibi Marko Rubio X hesabında bildirib ki, deportasiya olunan şəxslər El Salvador hökumətinin həbsxanalarında saxlanılacaq. El Salvador prezidenti Nayib Bukele isə federal hakim Ceyms Boasberqin qərarına sərt reaksiya verərək, "Lənət olsun... Çox gec" ifadəsini işlədib.
Tramp administrasiyası immiqrantların deportasiyasını sürətləndirmək üçün 1798-ci ildə qəbul edilən və yalnız müharibə zamanı istifadə edilən Yad Düşmənlər Qanununu aktivləşdirib. Bu qanun əvvəllər Birinci və İkinci Dünya Müharibəsi dövründə xarici düşmənlərin deportasiyası üçün istifadə olunub.
Qeyd edək ki, Trampın sərəncamında "Tren de Aragua" dəstəsi "xarici terror təşkilatı" kimi tanınıb və onunla əlaqəli şəxslərin dərhal deportasiya olunması qərara alınıb.