AZ

Qədim filoqrafiya sənəti Şabranda

Mərkəzi Asiyada yaranan və qədim incəsənət nümunəsi olan filoqrafiya hazırda Şabranda yaşadılır.

“Heftelik.az” “Apa TV”yə istinadən məlumat verir ki, bu qədim və səbr tələb edən incəsənət nümunəsi mismar, sap və rəngli simlərin ecazkar vəhdətindən yaranan və olduqca zövq oxşayan bir sənət nümunəsidir. Bu maraqlı sənətlə isə Azərbaycanda Şabran sakini Dəyanət Orucov məşğul olaraq 3 ildən artıqdır ki, maraqlı incəsənət nümunələri ilə hər kəsin marağını cəlb edib.

Onun sözlərinə görə, filoqrafiya sənəti hazır rəsm və ya şəkillər üzərində müxtəlif sap və ya rəngli simlər vasitəsilə görüntünün işlənməsi və hazırlanması deməkdir. D. Orucov həmçinin onu da qeyd edib ki, işin hazır rəsm üzərində aparılmasına baxmayaraq proses zamanı mismarların düzülüşü elə dəqiqliklə olmalıdır ki, sonra istənilən rəsmi bütün detalları ilə təsvir etmək mümkün olsun.

Dəyanət Orucov bu sənəti sosial şəbəkələrindən öyrənməsinə baxmayaraq, filoqrafiyanın ən dərin biliklərinə yiyələnə bilib. Bunun nəticəsi olaraq onun hazırladığı əsərlər sərgilərdə iştirak edərək böyük marağa səbəb olub.

Onun sözlərinə görə, istifadə etdiyi materialları Türkiyədən sifariş əsasənda gətizdirir. Hazırda mağazaların birində satıcı kimi fəaliyyət göstərən D. Orucov bu incəsənət sahəsindən hələ ki, gəlir əldə etməsə də gələcəkdə filoqrafiya sənətini daha geniş formada yaymağı düşünür.

Hazırladığı sənət əsərlərini əsasən şəhidlər və vətənpərvərlik ruhunda hazırlayan sənətkarın əl işləri Şabran Rayon Tarix-Diyarşünaslıq müzeyində sərgilənir.

Müəllif: Türkan_zadə

Seçilən
23
heftelik.az

1Mənbələr