Açığı komissiya yaradılanda mənim də ADPU-nun rektoru, professor Cəfər Cəfərovla birgə bu komissiyada həmsədr təyin edilməyimin nə qədər faydalı olacağının fərqində deyildim. Amma gedişat göstərir ki, bu çox vacib imiş. Sözsüz ki, təkcə mənim yox, əmək bazarı nümayəndələrinin...
Bildiyiniz kimi əvvəllər bu prosesi, sadəcə, universitet nümayəndələri, mütəxəssisləri idarə edirdi. Amma budəfəki komissiyada əmək bazarının nümayəndələri də bu mötəbər işin təşkilinə cəlb edilib. Müzakirələr göstərir ki, Elm və Təhsil Nazirliyinin bu qərarı çox vacib və faydalıdır. Həm bizlər ali məktəbdə gedən proseslə yaxından tanış olur, orta məktəb və ali məktəb əməkdaşlığının bariz nümunəsini yaradırırıq, həm də universitet rəhbərlikləri, mütəxəssisləri əmək bazarının praktikada nələrlə qarşılaşdığını, hansı istəklərinin olduğunun fərqində olur. Sözsüz ki, sənəd hələ müzakirə ərəfəsindədir və tam təsdiq ediləndən sonra açıqalanacaq, amma mən bir neçə məqamı sizlərlə bölüşmək istəyirəm. Çoxdan məni düşündürən bir məsələ komissiya üzvləri tərəfindən qəbul edilərək, ixtisaslaşmalara əlavə edildi. Azərbaycan dilinin xarici dili kimi tədrisinin gələcəkdə bakalavr faükltəsi olması yolda ilk addımı atdıq. Magistr ixtisaslaşmalarından biri də "Azərbaycan dilinin xarici dil kimi tədrisi" oldu. Düşünürəm ki, bu, ölkəmizdə təhsil alan xarici tələbələrə, vətəndaşlıq hüququ almaq istəyən xarici vətəndaşlara, xaricdə yaşayan Azərbaycanlılara Azərbaycan dilinin öyrədilməsi üçün çox vacib addımdır. 2012-ci ildə hazırladığım və Təhsil Nazirliyinin qrifi ilə Ali məktəblər üçün dərs vəsaiti olan "Azərbaycan dilini öyrənirəm" (4 dildə) kitabım bu işin təməlinin çoxdan qoyulması arzusunda olduğumu bir daha sübut edir. Digər tərəfdən gələcək illərdə universitetlərimizin ciddi şəkildə xarici tələbə qəbuluna kömək edəcək.
Qaldırdığım digər iki məsələ müzakirələrə səbəb olsa da, hələ də açıq qaldı. Ümid edirəm, daha düzgün yolu tapacağıq. Biri odur ki, Azərbaycan dili və Ədəbiyyatın bir ixtisaslaşma olmasının tərəfdarı deyiləm. Çünki bakalavrda biz Azərbaycan dili və ədəbiyyatı müəllimliyi fakültəsinin olduğunu bilirik. Amma magistraturada Azərbaycan dilinin tədrisi metodikasının və Ədəbiyyatın tədrisi metodikasının (Yeni ixtisaslaşmalarda, meodikası sözü ixtisar edilib, sadəcə anlaşılması üçün qeyd edirəm) ayrılıqda Pedaqogika ixtisasının ixisaslaşması olamsı tərəfdarıyam. Biz uzun müddətdir ki, bunları birgə tədris etsək də, etiraf etməliyik ki, hər iki fənnin tədris metodologiyası fərqlidir. Düzdür, burda sual olunur, Ədəbiyyat sözü təkmi olmalıdır, yoxsa Azərbaycan ədəbiyyatı kimimi? Çünki bizim orta məktəb ədəbiyyat tədris proqramında xarici ədəbiyyat da yer alıb. Ona görə bu ifadənin özü bir az adamı düşündürməyə vadar edir. Bəlkə də, sadəcə Ədəbiyyatın pedaqogikası deməklə, hər iki məsələni həll etmək olar. Ümid edirəm, bu məsələ də mütəxəssislərimiz tərəfindən müzakirə edilərək, düzgün həllini tapacaq. Çünki komissiyanın tərkibində çox ciddi, işini sevən və aktiv insanlar var və hər kəs prosesə öz töhvəsini verməyə çalışır.
Mənim üçün qaranlıq qalan digər məsələ "Həyat bilgisi" fənnidir. Bu fənn məktəblərdə tədris edilsə də, ali məktəb tədrisinin heç bir yerində adı keçmir. Məcburiyyətdən biologiya, kimya, fizika, coğrafiya, ibtidai sinif müəllimləri tədris edir. Göründüyü kimi harda, kim boşdur, ona verilir bu dərslər. 5-6-cı sinifdən tədris edilən Təbiət (elm) ixtisaslaşmada ayrıca verilib. Amma "Həyat bilgisinin" üzünə gün doğmur. Düzdür, ehtimal olunur ki, gələcəkdə ibtidai siniflərdəki bu fənnin də adı elə təbiət olsun, amma bu gün belə deyil və sahibsiz məsələdir.
Əlavə edilən ixtisaslaşmalara "təhsil texnologiyaları və rəqəmsal bacarıqlar", "Təhsildə insan resurslarının idarə olunması", "Xüsusi istedadlı uşaqlarla iş" kimi ixtisaslaşmaların yeni ixtisaslaşmalara əlavəsinin faydalı olacağı düşüncəsindəyəm.
Təsəvvür edin, bunlar mənim, Hədəf Komandasının qaldırdığı və təklif etdiyi bəzi məsələlərdir, bundan başqa hər universietin də özünün təklifləri var ki, çox faydalı bir sənədin hazırlanmasına rəvac verəcək.
Müzakirələrə Türkiyədən qonağımız olan "Nəsibə Aydın okullarının" direktoru Mirkan Aydın, təhsil mütəxəssisi professor, doktor, Levent Eraslan bəylərin də qatılması, dəyərli təklifləri işin gedişatına öz faydasını verdi.
Şəmil Sadiq
Ali təhsil üzrə yeni təhsil proqramlarının hazırlanması üzrə
Təhsil Komissiyasının həmsədri
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31