“Barselona”nın baş məşqçisi Hans-Diter Flik İspaniya La Liqasının Madrid “Atletiko”su ilə 28-ci tur səfər oyununu şərh edib.
Arena.az məlumat verir ki, oyunun gedişində 0:2 hesabı ilə uduzan “blauqrana” geri-dönüş edərək 72-ci və 78-ci dəqiqələrdə vurduğu qollarla bərabərliyi təmin edib, 90+2 və 90+8-ci dəqiqələrdə isə daha iki qol vuraraq, “döşəkçilər”i məğlub edib – 4:2.
Hansi Flik matçdan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:
“Güman ki, məşqçilər istisna olmaqla, azarkeşlər və yerdə qalan hamı üçün əla bir oyun oldu, amma bu, əhəmiyyət kəsb etmir. Biz üç vacib xal qazandıq, mən komandamdan çox razıyam. Biz heç vaxt təslim olmuruq. Bu gün isə oyunçularım bunu əyani şəkildə nümayiş etdirdilər. “Atletiko”ya bu qısa müddət ərzində iki qol vurmaq – çox təsirlidir. Mən oyunçularım, klub və azarkeşlər üçün şadam. Bizim üçün gözəl axşamdır”, – “Barça Universal” dərgisi alman mütəxəssisdən sitat gətirir.
27 oyundan 60 xal toplamış “Barselona” İspaniya La Liqasını yarış cədvəlinə başçılıq edir. “Atletiko” isə 28 oyundan 56 xalla 3-cü pillədə qərarlaşıb.