AZ

Uşaq Opera Teatrının tanınmış bəstəkarın 75 illiyinə ərməğanı

Bakı, 17 mart, AZƏRTAC

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) İxtisas musiqi məktəb-studiyasının şagirdlərindən ibarət Tərlan Seyidov adına Uşaq Opera Teatrı Azərbaycanın görkəmli bəstəkarı, Əməkdar incəsənət xadimi Cavanşir Quliyevin “Günəşin musiqi dəftəri” fortepiano silsiləsinə əsaslanan musiqili tamaşanı səhnələşdirib.

BMA-dan AZƏRTAC-a bildirilib ki, T.Seyidov adına Uşaq Opera Teatrının bədii rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Sevda Məmmədova, rejissoru Məzahir Həşimov, poetik mətnin müəllifi isə sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytən Baxşiyevadır.

Əsərin əsas qəhrəmanı olan Günəş adlı balaca qızcığazın əlvan rənglərlə dolu nağıl dünyası tamaşaçıların marağına səbəb olub. Günəşin heyrətamiz aləminə səyahət həm bu il 75 illik yubileyini qeyd edəcək Cavanşir Quliyevə, həm də uşaqlara yaddaqalan hədiyyə olub.

Günəşin birgünlük sərgüzəştləri məktəb-studiya şagirdlərinin silsilədən ifa etdikləri pyeslər fonunda canlandırılıb. Tamaşada uşaqlar yalnız musiqini ifa etməyib, eyni zamanda mütəşəkkil şəkildə Günəşin obrazının incəliklərini çatdırmağa çalışıblar. Aytən Baxşiyevanın yaratdığı poetik mətnin hər bir sətri, Günəşin daxili dünyasını daha dərindən açır və tamaşaçılara balaca qızın saf aləmini, təəssürat və hisslərini çatdırır, habelə babasının gözü ilə sevimli nəvəsini təsvir edirdi.

Tədbirin sonunda C.Quliyev çıxış edərək musiqili tamaşanın ərsəyə gəlməsində əməyi keçən yaradıcı heyətə təşəkkürünü bildirib. Bəstəkar vurğulayıb ki, yazmış olduğu silsilənin musiqili tamaşa təfsiri onu sevindirib.

Qeyd edək ki, C.Quliyevin “Günəşin musiqi dəftəri” fortepiano silsiləsi əsasında səhnələşdirilmiş tamaşa uşaq ədəbiyyatı üçün maraq doğuran və rəngarəng yaradıcı layihədir.

 

Seçilən
27
azertag.az

1Mənbələr