Müasir dövrdə dünyada mövcud olan mürəkkəb geosiyasi proseslər, qlobal problemlər və çağırışlar dövlətlər arasında əməkdaşlığın və qarşılıqlı anlaşmanın əhəmiyyətini daha da artırır. Belə bir şəraitdə dialoqun təşviqi və ortaq həll yollarının tapılması məqsədilə təşkil olunan beynəlxalq tədbirlərin rolu əvəzolunmazdır. Bu kontekstdə də Qlobal Bakı Forumu artıq dünya miqyasında nüfuz qazanmış mühüm platformaya çevrilib. Forum, müxtəlif dövlətlərin liderlərini, nüfuzlu siyasətçiləri, beynəlxalq təşkilatların rəhbərlərini, tanınmış ictimai xadimləri və ekspertləri bir araya gətirərək, qlobal gündəmin aktual məsələlərinin müzakirəsinə şərait yaradır.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev martın 13-də XII Qlobal Bakı Forumu zamanı “Euronews” televiziyasına müsahibə verib. Dövlət başçısı bir çox aktual məsələlərlə bağlı Azərbaycanın yanaşmasını ortaya qoyub. Prezident Qlobal Bakı Forumunun əhəmiyyətinə toxunub. Onun sözlərinə görə, artıq açılış sessiyasından da bəlli olur ki, burada müxtəlif fikirlərin kombinasiyası mövcuddur: “Onlar heç də üst-üstə düşmür və bunun özü müsbət haldır. Əminəm ki, panellər çərçivəsində daha da qızğın müzakirələr aparılacaq. Beləliklə, bu Forumda hər zaman yeni ideyalar meydana gəlir və beynəlxalq məsələlərə yanaşmanın formalaşmasında Forumun vacib rolu var”. “Sizcə bizim hamımızın qlobal səviyyədə üzləşdiyi əsas çağırışlar nədən ibarətdir” sualını cavablandıran dövlət başçısı qeyd edib ki, bu gün hər kəs tərəfindən bölüşülən fikir odur ki, hazırda yeni qaydaların müəyyənləşdirilməsi prosesi baş verir: “Bildiyimiz dünya nizamı artıq mövcud deyil. Hələ ki, beynəlxalq ictimaiyyət tərəfindən istifadə olunacaq qarşılıqlı əlaqə konfiqurasiyası heç kəsə bəlli deyil. Buna dair fərqli fikirlər var. Lakin aydın olan odur ki, birincisi, hər bir ölkə özünün daxili işlərinə və daxili imkanlarına daha çox diqqət ayırmalı, hər hansı bir yardıma və hətta beynəlxalq hüquqa arxalanmamalıdır. Beynəlxalq hüququn selektiv tətbiqinin qurbanı olan Azərbaycanın gələcəyini daxili resurslar hesabına qurması baxımından böyük təcrübəsi var. İkincisi, gələcək üçün vacib məsələlərdən biri odur ki, ölkələr beynəlxalq təsisatlar çərçivəsində fəaliyyətə deyil, ikitərəfli münasibətlərə daha çox əhəmiyyət verəcəklər. Çünki bu gün bəzi beynəlxalq təşkilatlar ya öz zəifliyini nümayiş etdirir və ya tamamilə iflic vəziyyətindədir. Əlbəttə, biz hələ ki, qlobal transformasiyanın ilkin mərhələsindəyik və bir çox məsələ hadisələrin gedişatından asılı olacaq”.
Azərbaycan son illərdə müxtəlif beynəlxalq platformalara ev sahibliyi edərək qlobal siyasət, iqtisadiyyat, mədəniyyət və təhlükəsizlik məsələlərinin müzakirə olunduğu mühüm mərkəzlərdən birinə çevrilib. Bir neçə gün bundan öncə Bakıda, "Gülüstan" sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi" mövzusunda keçirilmiş XII Qlobal Bakı Forumu bu mənada istisna deyil. İştirakçılara beynəlxalq əməkdaşlıq və dialoq platforması təqdim edən bu tədbirə dünyanın müxtəlif ölkələrinin dövlət və hökumət nümayəndələri, beynəlxalq təşkilatların rəhbərləri və nüfuzlu alimlər qatılıb.
Ənənəvi olaraq hər il təşkil olunan Forum dünyanın müxtəlif ölkələrindən nüfuzlu şəxslərin iştirakı ilə qlobal problemlər üzrə müzakirələrin aparıldığı əsas beynəlxalq platformalardan birinə çevrilib. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Qlobal Bakı Forumunun hər tədbirində fəal iştirak edir və açılış nitqi ilə çıxış edərək, Azərbaycanın beynəlxalq siyasətdəki mövqeyini, qlobal çağırışlara yanaşmasını və regional əməkdaşlıq perspektivlərini təqdim edir. Onun forumun növbəti toplantısındakı çıxısı da strateji istiqamətlərin müəyyənləşdirilməsi kontekstində beynəlxalq ictimaiyyət üçün vacib mesajlarla zəngindir.
Tural Məmmədov