AZ

Oya-oya, duya-duya – sənətkarın emalatxanasından REPORTAJ

Bakı, 17 mart, Fidan Əlizadə, AZƏRTAC

Tarix boyu insanlar müxtəlif vasitələrlə öz duyğularını və düşüncələrini ifadə ediblər. Kimi kətan üzərində fırçayla, kimi mərmərdən heykəllər hazırlayaraq, kimisi isə musiqi notları ilə öz dünyasını yaradaraq... Lakin bir sənət növü var ki, o yalnız istedad deyil, həm də xüsusi bir hiss, ruh və əzmkarlıq tələb edir. Bu, ağacoyma sənətidir.

Müsahibimiz ağacoyma sənətinə həyatını həsr edən Ələkbər Məmmədovdur. Hekayəsi təkcə istedadını deyil, həm də sənətə olan dərin sevgisini nümayiş etdirən həmsöhbətim öz yolunu tapana qədər bir çox sahələrdə çalışıb. Uşaqlıqdan rəssamlığa böyük marağı olub, texniki peşə məktəbini bitirdikdən sonra kinostudiyada animasiya rəssamı kimi fəaliyyət göstərib. Uzun illər ərzində karikaturaçı rəssam kimi də çalışıb. Lakin bütün bunların heç biri onun üçün yetərli olmayıb. O, daha çox axtarıb, daha çoxunu hiss edib. AZƏRTAC həmin sənətkarı oxuculara daha yaxından tanıdır...

Ələkbər bəyin ağacoyma sənətinə olan sevgisi təsadüfi bir qərarla başlayıb. Daha sonra bu işləri görmək üçün heç də ucuz olmayan alətləri alıb-almamaq barədə fikirləşməli olub. Daxilindən gələn güc ona bu sənətə başlamağın vacibliyini pıçıldayıb. Elə o gündən də taxta onun əlinin izlərini yaşadır, ruhunu oxşayır. “İlk dəfə ağac oymağa başlayanda heç kim məni dəstəkləmədi. Hamı deyirdi ki, vaxtımı boş yerə sərf edirəm. Amma bilirdim ki, mən öz sənət yolumu tapmışam”,- deyə o əlavə edib.

Bu gün onun əsərləri bir çox ölkələrin muzeylərində sərgilənir. Onun ən son işlərindən biri də Qarabağ mövzusuna həsr olunub. Ağacoymaçı tariximizin dəyərlərini sənət vasitəsilə yaşatmaq istəyir.

Müsahibə zamanı biz də bu sənətdə özümüzü sınamaq istədik. Usta bizə ilkin texnikaları göstərdi, alətlərlə tanış etdi. Sözün düzü, ilk cəhd uğursuz alındı, taxta oyulmaq əvəzinə çatladı. Amma sənətkar gülümsəyərək sənəti öyrənməyin əziyyət və səbir tələb etdiyini, taxtanı özünə ram etməyə yiyələnməyi məsləhət gördü. Bir neçə cəhd etsək də, xeyli sonra kiçik bir naxışı oymağa nail olduq. Düzdür, bu, ustanın əl işləri ilə müqayisə oluna bilməzdi, amma sənətin nə qədər zəhmət tələb etdiyini anlamaq üçün kifayət etdi.

Ələkbər Məmmədov sadəcə sənətkar deyil, həm də tarixə çox bağlıdır. Özünün dediyinə görə, əslən Şah İsmayıl Xətainin nəslindəndir. Ərdəbildə Səfəvi hökmdarının məzarını ziyarət edərkən onun üzüyünə bənzər bir üzük aldığını deyir. “Mağazada yüzlərlə üzük vardı, satıcının dediyinə görə, mənim seçdiyim üzük hökmdarın üzüyünə çox bənzəyirdi....”.

Sənətkarın yaradıcılığı təkcə oyma sənəti ilə məhdudlaşmır. O, həm də molotipiya üslubunda abstrakt rəsmlər çəkir. “Bu üslubda heç bir eskiz yoxdur. Əvvəlcə rəngləri qəlibə tökürəm, sonra daha çox nəyə uyğun gəlirsə onun rəsmini tamamlayıram. Bu, bir növ sənət və təxəyyül oyunudur”,-deyə sənətkar bildirib.

O həmin texnika ilə yaratdığı bir əsəri Ömər Xəyyamın şeirləri ilə əlaqələndirir.

Ələkbər Məmmədovun ən böyük arzularından biri şəxsi emalatxana yaratmaqdır: “Sənətkar üçün rahat işləyə biləcəyi bir yer çox vacibdir. Hər bir detalı düşünmək, sakit mühitdə yaradıcılığa köklənmək üçün öz məkanımın olmasını çox istəyirəm”.

O, eyni zamanda, yeni sərgilər açmağı planlaşdırır. Son sərgisi iki il əvvəl təşkil olunub. Ələkbər Məmmədov üçün ağacoyma sadəcə peşə deyil, həyat tərzidir. O, taxtaya yalnız naxış vurmur, sanki ruh verir. Əsərlərinin hər biri bu günlə gələcək arasında körpü yaradır. Bu yol sənətin nəhayətsiz hüdudlarına uzanır və o, bu yolda Azərbaycan mədəniyyətini dünyaya tanıdır.

Seçilən
53
azertag.az

1Mənbələr