Bu gün 17 mart "DÜNYA SOSİAL İŞ GÜNÜ"dür.
QHT.az sosial işçilərin əmək bazarındakı rolu və sosial müdafiə sahəsinə verdikləri töhfələr haqqında fikirlərini öyrənmək üçün İnnovativ İqtisadi Araşdırmalar İnstitutunun direktoru, professor Elşad Məmmədova müraciət edib. Professor qeyd edib ki, sosial işçilərin əmək bazarındakı rolu və sosial müdafiə sahəsindəki töhfələri çox önəmlidir:
"Sözsüz ki, sosial işçilərin əmək bazarındakı rolu, eyni zamanda onların sosial müdafiə sistemində daşıdıqları missiya olduqca böyük önəm kəsb edir. Cəmiyyətimiz və dövlətimiz üçün. Bu gün sosial cəhətdən həssas kateqoriyaların sosial müdafiəsi xeyli dərəcədə məhz sosial xidmətlərin təşkili səviyyəsindən asılıdır və sevindirici hal kimi qiymətləndirilməlidir ki, Azərbaycanda son illər ərzində sosial xidmətin təşkili ilə bağlı çox ciddi təkmilləşdirmələrə yol verilib. Həm müvafiq infrastruktur təminatı zənginləşdirilib, həm də eyni zamanda bu sahədə çalışan işçilərin peşəkarlıq səviyyəsinin xeyli dərəcədə artdığını qeyd edə bilərik".
Son olaraq professor sosial işçilərin və sosial xidmətlərin ölkəmizin sosial siyasətindəki vacib yerini bir daha vurğulayıb və bu sahədə davamlı inkişafın vacibliyini qeyd edib:
"Ölkədə sosial xidmətin təşkili ilə bağlı əhalinin sosial kateqoriyalarına müvafiq xidmətlər zərfinin təklif edilməsi ilə bağlı böyük irəliləyişlər var və bu da ölkənin sosial statuslu dövlət kimi mövqeyini gücləndirən bir məsələdir. Düşünürəm ki, sosial yönümlü tədbirlər genişləndikcə və ölkədə sosial siyasətin prioritetliyi dərinləşdikcə, sosial xidmət işçilərinin peşəkarlığının artmasının şahidi olacağıq. Digər tərəfdən, sosial xidmətlə məşğul olan insanların özlərinin sosial müdafiəsi ilə bağlı düşünürəm ki, bundan sonra da ardıcıl müvafiq tədbirlər həyata keçiriləcək. Çünki bu, bir çağırışla bağlı olan məsələlərdir və sözsüz ki, dayanıqlı və davamlı şəkildə inkişaf etdirilməlidir."
Pərvanə Fərhadqızı