Kanada və Fransa Ukraynada “davamlı sülh” üçün Rusiyadan aydın öhdəliklər tələb edəcək.
BFM TV xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron və Kanadanın baş naziri Mark Karninin birgə bəyanatında deyilir. Qeyd olunur ki, bazar ertəsi, martın 17-də Makron Karnini Yelisey sarayında qəbul edib. Fransa Kanadanın baş nazirinin rəsmi səfərdə olduğu ilk ölkə olub. Ukrayna ilə bağlı birgə bəyanatında Fransa prezidenti xatırladıb ki, “Kanada və Fransa Rusiyadan aydın öhdəliklər tələb etməyə davam edəcək dünya dövlətləridir”, – nəşr yazır.
“Ukraynalılarla bu müştərək öhdəlik həmişə uzunmüddətli və davamlı sülhə, yəni Ukraynanı Rusiyanın istənilən yeni təcavüzündən qoruyacaq və bütün Avropanın təhlükəsizliyini təmin edəcək etibarlı zəmanətlərlə müşayiət olunan sülhə nail olmağa yönəlib”, – Makron vurğulayıb.
Kanadanın baş naziri və Fransa prezidenti də ABŞ-ın “Rusiya ilə birbaşa sülh danışıqları aparmaq niyyətində olduğu” bir vaxtda Ukraynaya və Avropada təhlükəsizliyi dəstəkləməyə davam etmək üçün birgə işləməyə hazır olduqlarını bildiriblər. “Ukraynaya sarsılmaz dəstəyimizlə nümayiş etdirildiyi kimi, biz həm suverenliyi və təhlükəsizliyi dəstəkləyirik. Kanada Avropanın təhlükəsizliyini təmin etmək üçün hər zaman orada olacaq”, – deyən Karni, Fransa ilə “ABŞ ilə mümkün olan ən müsbət münasibətləri saxlamaq” üçün ortaq istəyini vurğulayıb. O qeyd edib ki, Kanada və Fransa “bu getdikcə qeyri-sabit və təhlükəli dünya ilə birlikdə qarşı-qarşıya gəlmək üçün diplomatik əlaqələrimizi gücləndirməli” və “sahibkarlarımız üçün yeni imkanlar” yaratmalıdır.
Samir Qubanov,Editor.az