Bloomberg: Britaniya və Aİ martın 18-də Rusiyanın dondurulmuş aktivlərinin müsadirəsini müzakirə edəcək...
Britaniya və Aİ Ukrayna sülh danışıqları ərəfəsində müdafiə xərclərini artırmaq və Rusiyaya təzyiq göstərmək məqsədilə Rusiyanın mərkəzi bankının dondurulmuş aktivlərinin necə müsadirə edilməsi ilə bağlı danışıqları gücləndirir.
Poliqon xəbər verir ki, bu barədə Bloomberg Agentliyi məlumat yayıb.
Agentlik Britaniya Xarici İşlər Nazirliyinin bəyanatına istinadən yazır ki, xarici işlər naziri David Lemmi və Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas martın 18-də Londonda keçiriləcək görüşdə Avropanın müdafiəsi üçün maliyyənin birgə artırılması və hərbi hazırlığın təkmilləşdirilməsi üçün “innovativ təşəbbüsləri” nəzərdən keçirəcəklər.
Bloomberg mənbələri bildiriblər ki, danışıqlarda Avropanın Rusiyanın milyardlarla aktivlərini müsadirə etmək üçün düzgün hüquqi və maliyyə təminatına malik olmasını necə təmin edəcəyi müzakirə olunacaq.
Agentlik vurğulayır ki, müsadirənin beynəlxalq hüquqa əsasən dövlət toxunulmazlığı prinsipini poza və avroya təsir göstərə biləcəyindən narahat olan Belçika və Almaniya kimi bəzi Avropa ölkələrinin müqavimətinə baxmayaraq müzakirələrdə irəliləyiş əldə olunub.
Poliqon.info