Netflix abunəçiləri ilk həftəsində 6,8 milyon baxış sayına çatan İspan triller serialına baxmağı bir-birlərinə tövsiyə edir.
Hafta.az-ın “Vanity Fair”a istinadən yazdığına görə, “Medusa” Kolumbiya sahillərində yaxtası partladılmış baş direktora sui-qəsd cəhdindən bəhs edir.
Hər kəs öldüyünü zənn edərkən, o, sağ qalmağı bacarır və inadkar bir detektivlə birləşərək bu hücumun əsl səbəbkarlarını ortaya çıxarmağa qərar verir. Lakin istintaq davam etdikcə ailəsi ilə bağlı qaranlıq sirlər bir-bir üzə çıxır.
Cuana Akosta ailəsinin “Medusa” şirkətinin baş direktoru Barbara Hidalqonu canlandırır. Onun filmdəki əri Estebanı Sebastian Martínez, işə cavabdeh olan detektiv Danger Karmelo rolunu isə Manolo Kardona canlandırır.
12 bölümlü serialın heyətində Adriana Aranqo, Luis Fernando Hoyos və Juanita Molina kimi adlar da var.
Netflix, 18 yaşdan kiçik tamaşaçılar üçün uyğun olmadığını bildirdiyi serialın süjetini rəsmi açıqlamasında belə xülasə edir: "Kolumbiyadakı ailə şirkətinin baş direktoru Barbara Hidalqo şirkəti idarə etmək istəyən ailə üzvləri ilə mübarizə aparmalı və onu öldürmək istəyən şəxsi tapmalıdır".
Tamaşaçıları sözün əsl mənasında ekrana yapışdıran “Medusa”, ingilis dilində olmayan istehsallar arasında yayım nəhənginin ən çox baxılanlar siyahısında ilk sıralarda yer almağı bacardı.
Bir tamaşaçı "Əsl triller" deyərkən, digəri isə belə yazıb: "Mən hazırda Netflix-də “Medusa”ya baxıram və yay axşamları nənəmlə birlikdə Latın Amerikası televiziya melodramlarına baxdığımız günlərə qayıtmışam".
Seriala heyran olduğunu deyən başqa bir şəxs isə “Çox serial həvəskarı deyiləm, amma “Medusa”nın ikinci bölümündəyəm və qətiliklə maraqlıyam” deyib.
Kolumbiyalı aktrisa Akosta əvvəllər müsahibəsində etiraf etmişdi ki, ona tez-tez “çox gözəl” olduğu üçün müəyyən rollara uyğun sayılmadığını deyirdilər. Yanvarda “Vanity Fair”a verdiyi müsahibədə "Bunu mənə təkrar-təkrar söylədilər. Ən böyük məqsədlərimdən biri "Latın Amerikası gözəl aktrisası" obrazından uzaqlaşmaq olub" deyib.