Bakı, 18 mart, AZƏRTAC
2024-cü ilin yekunlarına görə, Özbəkistan Qlobal Terrorizm İndeksində (GTI) mövqeyini yaxşılaşdıraraq, 10 pillə irəliləyib və 100-cü yerdən 90-cı yerə yüksəlib.
AZƏRTAC GTI-nin hesabatına əsasən məlumat verir ki, Özbəkistan terrorizm risklərinin “çox aşağı” olduğu ölkə statusunu qoruyub.
Qeyd olunur ki, 2024-cü ildə terror hücumları qeydə alınan ölkələrin sayı 58-dən 66-ya yüksəlib. Eyni zamanda, 45 ölkədə vəziyyət pisləşib, 34 ölkədə isə irəliləyiş müşahidə olunub. Özbəkistan Azərbaycan və Belarusla yanaşı, müsbət dinamika qeydə alınan regionun azsaylı ölkələrindən biri olub.
Hesabata əsasən, 2024-cü ildə Özbəkistan, Azərbaycan və Belarusda heç bir terror hadisəsi qeydə alınmayıb. Üstəlik, 2010-cu ildən bəri Özbəkistanda terror hücumları nəticəsində ölüm halı baş verməyib.
GTI məlumatlarına görə, vəziyyətin sabit olmasına baxmayaraq, potensial təhdidlər qalmaqdadır. Risklər terror qruplaşmalarının fəaliyyətləri, eləcə də qonşu Əfqanıstan və Pakistandakı qeyri-sabit vəziyyətlə bağlıdır.
Ekspertlər vurğulayırlar ki, terror təşkilatları süni intellekt və şifrələnmiş kommunikasiya da daxil olmaqla, yeni texnologiyalara sürətlə uyğunlaşırlar. Onlar rəqəmsal platformalardan istifadə edərək, mərkəzi Asiya və Şimali Amerika da daxil olmaqla, müxtəlif regionlara yönəlmiş təbliğat yaymaq, kriptovalyuta vasitəsilə vəsait toplamaq və yeni üzvlər cəlb etmək üçün fəaliyyət göstərirlər.