AZ

Məşhur aparıcı reytinqli verilişlərin SİRRİNİ AÇDI - “Bunu edən özləridir”

“Televiziya şoularının uğuru əsasən reytinqlərlə ölçülür. Tamaşaçının diqqətini cəlb etmək üçün şou proqramları tez-tez qalmaqallar və səs-küylü hadisələr üzərində qurulur. Müşahidələr göstərir ki, əsas müğənnilərdən biri efirə sakit və təmkinli şəkildə gəldikdə və rəhbərlikdən xüsusi olaraq qalmaqalın olmaması tapşırıldıqda, həmin veriliş lazımi reytinqi toplamaqdan uzaq qalır. Lakin eyni müğənni başqa bir proqramda iştirak edib orada qalmaqal yaşadıqda, reytinq dərhal yüksəlir. Bu, süni faizlər deyil, real tamaşaçı marağının nəticəsidir”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında tanınmış aparıcı Amil Xəlil söyləyib. O, bildirib ki,  əsas məsələni tamaşaçının özü tənzimləyir:

“Tamaşaçının seçimi reytinqin əsas göstəricisi olduğundan proqram rəhbərləri də bu marağa uyğun hərəkət etmək məcburiyyətində qalır. Lakin vəziyyəti dəyişdirməyin yolları da var. Birincisi, reytinqlərin sponsorlara aidiyyəti olmamalıdır. Sponsorların dəstəyi sırf reytinqlərə deyil, verilən təkliflərin məzmununa əsaslanmalıdır. Çünki özəl kanallar, əsasən, sponsorların vəsaitləri hesabına ayaqda qalır. Sponsorların yalnız reytinq göstəricilərinə baxmadan, keyfiyyətli layihələrə dəstək verməsi, verilişlərin səviyyəsinin yüksəlməsinə şərait yaradar.

İkincisi, verilişləri qalmaqallar arxasınca sürükləyən əslində tamaşaçıların özləridir. Tamaşaçılar yalnız dəyərli və səviyyəli proqramlara üstünlük versələr, şoumenlər də məcbur qalıb bu tələbə uyğunlaşacaqlar. Axı, qadağan olunmuş meyvə daha şirin gəlir. Nəyi pisləyiriksə, reytinqləri də o təmin edir”.

Aparıcı mövcud vəziyyətdən məyusluğunu belə ifadə edib:

“Təəssüf ki, indiki vəziyyətdə qalib gələnlər daha çox səs-küylü verilişlərin aparıcılarıdır. Mən də istəsəm, bazar günü dörd məşhur müğənnini bir yerə toplayıb qalmaqal yaratmaqla yüksək reytinq əldə edə bilərəm. Ancaq bunu edənlərə pis baxmıram, sadəcə mənim başqa prioritetlərim var. Beş gün canlı efir yayımlarından sonra həftə sonları kənd yerlərinə gedib problemli məsələlərlə maraqlanır, tarixi materiallar toplayıram.

Televiziya verilişlərinin səviyyəsini dəyişdirmək üçün ilk növbədə, tamaşaçı zövqünün dəyişməsi və sponsorların daha obyektiv dəstək prinsiplərinə keçməsi zəruridir”.

Aytac Şahin


Telegram kanalımız
Seçilən
99
yenisabah.az

1Mənbələr