Artıq beş ildir ki, Novruz Bayramının sevinci Qarabağın hər guşəsinə yayılır, od qalanan hər ocaqda ümidin, qürurun və dirçəlişin istiliyi hiss olunur. İllərlə həsrət çəkmiş bu torpaqlarda indi Novruz bayramı daha coşğulu qeyd edilir. Çünki Qarabağda yaşanan hər bir bayram 32 il ürəklərdə sıxılıb qalmış sevinclərin, qırılan ümidlərin yenidən alovlanmasıdır.
İşğaldan azad edilmiş torpaqlarımızda qalanan tonqallar təkcə baharın gəlişini deyil, həm də yenidən doğuluşu, həyatın qayıdışını müjdələyir. Bu torpaqlarda qalanan hər alov bir ailənin yenidən qurulan ocağının istiliyini, süfrənin bolluğunu, xalqın birliyini və gücünü simvolizə edir.
Bu gün Qarabağda öz doğma ata-baba yurdlarına qayıdan insanlar Novruzu nəinki baharın gəlişi, həm də böyük bir zəfərin bayramı kimi qeyd edirlər. Onların gözlərində qürur, dillərində şükür var. Artıq Qarabağın hər qarışında həyat canlanır, hər evin qapısı yenidən açılır, hər ocaq yenidən qızınır.
Bu gün Azərbaycanda Novruzun sonuncu çərşənbəsi olan Torpaq çərşənbəsi və ya digər bir deyimlə ilaxır çərşənbə qeyd olunur.
Bu gün ilaxır çərşənbəni öz doğma yurdunda qeyd edən vətəndaşlarmızdan biri də Xocalının Ballıca kəndinin sakini, Birinci Qarabağ müharibəsi veteranı, təqaüdçü, şair Çingiz Məmmədovdur.
Operativ Media-ya danışan Ballıca sakini bildirib ki, o, burada keçirdiyi bir saatı belə başqa heçnəyə dəyişməz:
“Bayramı öz doğma yurdunda qarşılamaq elə bir hissdir ki, onu yaşamaq lazımdır. Sözlə ifadə etmək çətindir. Mən özüm söz sahibi olduğum halda bu hissləri dilə gətirməkdə çətinlik çəkirəmsə digər insanlar üçün bunun nə qədər çətin olduğunu təsəvvür etmək olar. Novruz Bayramını öz doğma ata-baba yurdumuzda qarşılamaq əlbəttə ki, çox gözəl duyğudur.
33 ildən sonra doğma torpağımıza ayaq basdıq. 27 dekabrda biz Ballıca kəndinə köçdük. Bərpa-quruculuq işlərindən əvvəl də Ballıcaya gəlmişdim. Kəndi elə bir vəziyyətdə görmüşdüm ki, insan baxmağa belə ürək etmirdi. Amma indi şükürlər olsun ki, Ballıca kəndi tamamilə dəyişib, gözəlləşib, abadlaşıb, səliqə-səhman yaranıb. Burada həyatın yenidən canlandığını görmək insanın yaşamaq sevincini artırır.
Ballıca kəndindəki bu gözəlliyə baxdıqca Allaha, dövlətimizə, ordumuza və prezidentimizə şükür edirik. Şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləyirik. Sözün əsl mənasında deyə bilərəm ki, burada keçirdiyim bir saatı başqa heçnəyə dəyişmərəm.
Hazırda Ballıca kəndində yaşayırıq. Mən təqaüdçüyəm. Birinci Qarabağ müharibəsi iştirakçısı olmuşam. Burada təsərrüfatla məşğul olmaq niyyətindəyik. Yazın gəlişi ilə torpağı şumlatmışıq, kartof, lobya toxumu almışıq. Təsərrüfatımızı qurmağa başlayırıq. Biz də Ballıcaya həyatını yenidən qaytarırıq.
Üç aya yaxındır ki, sadəcə torpaqlarda təmizlik işləri aparırdıq. İndi isə şükür Allaha hər yer çox gözəl görünür. Mən də öz doğma ata-baba yurdumdan sevincimi Azərbaycan xalqı ilə bölüşmək istəyirəm. Bu yazını oxuyan hər kəsi Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm. Hazırda Ballıca kəndində yaşayan insanların sevincinin həddi-hüdudu yoxdur.
Bu, elə bir duyğudur ki… sözlə ifadəsi mümkün deyil. Bu sevinci bizə bəxş edən ilk növbədə Uca Allaha, dövlətimizin başçısına və ordumuza minnətdarıq. Sonda öz hislərimiz yazdığım bir şeiri sizinlə bölüşmək istəyirəm:
Bir dünya boydadır, mənim sevincim..
Yurdumda qovuşdum əziz bayrama
Bizdən salam Azərbaycana!
Xocalı şəhər sakini Sadiq Musayev saytımıza bildirib ki, o, artıq iki ildir ki, bayramı Qarabağda qeyd edir:
"32 ildən sonra doğma yurdumuza qayıtmaq, öz doğma torpağımızda həmvətənlərimizlə birlikdə Novruz bayramı qeyd etmək əlbəttə ki, çox gözəl hissdir. Novruz Bayramını doğma yurdumda qarşılamaq mənim üçün böyük qürur və sevincdir. Həmvətənlərimizlə görüşüb bayramlaşmaq sözlə ifadə olunmaz duyğudur. Hazırda keçirdiyimiz hisslərin həddi-hüdudu yoxdur.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Cənab Prezidentin güclü siyasəti sayəsində illər sonra biz öz yurdumuzda Novruz Bayramını qeyd edirik. Artıq iki ildir ki, doğma yurdumda bu bayramı sevinclə qarşılayıram. Hər çərşənbə axşamı tonqal ətrafında toplaşıb bayramımızı qeyd edirik. Xocalı şəhərində isə çox böyük tonqal qalanır bütün el-oba oraya toplaşır.
Hazırda mən Xocalıda öz ata yurdumda yaşayıram. Tezliklə öz kəndimizdə də tikinti işləri başlayacaq. Özüm isə hazırda Xankəndidə işləyirəm. Bir daha bütün Azərbaycan xalqını bu gözəl bayram münasibətilə ürəkdən təbrik edirəm”.
Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə "işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış" istiqaməti üzrə hazırlanıb.
Gülcahan Məmmədova