Bakı, 18 mart, AZƏRTAC
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə ilahiyyatçı alim, Qarabağ qazisi Hacı Həsən Hüseyninin “Fəzilətli üç ay (Rəcəb-Şaban-Ramazan)” kitabı işıq üzü görüb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, kitabı nəşrə hazırlayan və “Ön söz”ün müəllifi Biblioqrafiya şöbəsinin böyük elmi işçisi, Azərbaycan Yazıçılar Birliyinin İrs komissiyasının sədri Sona Xəyaldır.
Kitabda İslam dinində fəzilətli üç ay – Rəcəb, Şaban və Ramazan aylarındakı əlamətdar günlər, bu aylarda baş verən hadisələr haqqında əhatəli məlumat verilib. Müəllif hər ayı ayrıca bölmədə dəyərləndirib, ən böyük hadisədən tutmuş kiçik olaylara qədər oxucuları geniş şəkildə məlumatlandırmağa çalışıb.
Yeni nəşrin redaktoru ilahiyyatçı alim, tədqiqatçı Axund Hacı Soltan Əlizadə, rəyçiləri dosentlər Tahirə Həsənzadə, Zəkiyyə Əbilova və filologiya üzrə fəlsəfə doktoru Samirə Əliyevadır.