Bakı, 18 mart, AZƏRTAC
Mexanikləşdirilmiş atraksionlar təhlükəli obyektlər olduğu üçün həmin qurğular dövlət qeydiyyatına alınmalıdır.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin müffətişliyinin rəisi Sahil Mənsimov deyib. O qeyd edib ki, qurğular istismara buraxılmamışdan əvvəl texniki sənədləri agentliyə təqdim olunmalıdır: “Atraksionun fəaliyyətinə icazəni bizim müffəttişlik verir. Bu gün Dənizkənarı Bulvar İdarəsinin balansında olan atraksionlara baxış keçirildi. Bu atraksionların istismara yararlı olduğu və tibbi müayindən keçmiş operatorlar tərəfindən idarə olunduğu müəyyən edilib. Sözügedən qurğular zavod istehsalıdır. Qeyri-standart atraksionların istismarına icazə verilmir. Sahibkar bu atraksionlara vaxtı-vaxtında texniki baxış keçirməlidir. Biz həmin atraksionlara texniki nəzarətin təşkil edilməsi üçün dövlət nəzarətini həyata keçiririk".