Paris, 18 mart, AZƏRTAC
ABŞ-ın mövqeyindən sonra qaçılmaz sülh halında Ukraynanı qorumaq üçün Avropa Birliyinin bəzi ölkələri müdafiə səylərini artırmağa qərar veriblər.
AZƏRTAC xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron hesab edir ki, Fransa Silahlı Qüvvələr Nazirliyinin büdcəsini ÜDM-in 2 faizindən 3 faizə, hətta 3,5 faizə çatdırmaq üçün daha çox xərclənməlidir və fransızların banklardakı əmanətləri buna əhəmiyyətli töhfə verə bilər.
Ordu büdcəsinin qeyd olunan artımı hər il əlavə 40 milyard avro deməkdir. E. Makron fransızların banklarda saxladığı əmanətlərini müdafiə şirkətlərinə yönəltməyə imkan verən yeni əmanət hesabının yaradılması fikrini irəli sürüb. Fransızlar isə hökumətin onların şəxsi əmanətlərini səfərbər etməsinin əleyhinədirlər. Fransızların 58 faizi əmanətlərinin bunun üçün istifadə olunmasını istəmirlər. Respondentlərin 38 faizi qənaətlərini müdafiə ilə bağlı investisiyalara yatırmaq istəmir. Fransızların yalnız 28 faizi təklif olunan gəlirin “Livret A”dan aşağı və ya ona bərabər, yəni 2,40 faiz olarsa əmanətlərini milli müdafiənin maliyyələşdirilməsinə yatırmağa razılaşardı.
Bununla bağlı Fransa Milli Statistika və İqtisadi Tədqiqatlar İnstitutunun (İNSEE) apardığı araşdırmalara görə, 2024-cü ilin 3-cü rübündə fransızlar gəlirlərinin 17,7 faizini qənaət ediblər. Bu, tarixən yüksək olan rəqəmdir. Belə ki, COVİD-dən əvvəlki illərdə orta göstərici təxminən 15,5 faiz olub. Bildirilir ki, fransızların 75 faizi hər ay büdcəsinə qənaət edir və bu, son 6 il üçün rekord rəqəmdir. Bunun səbəbi kimi Fransanın siyasi qeyri-sabitliyi, Donald Trampın gömrük rüsumları tətbiqi, Ukrayna və Yaxın Şərqlə yanaşı, çoxalması ehtimalı olan münaqişələrlə bağlı böyük beynəlxalq qarışıqlıqlar göstərilir.
Bu həssas məsələni müzakirə etmək üçün Sabah, martın 20-də investisiya fondları, sığortaçılar və bankirlərlə iclas keçiriləcəyi bildirilir.