"Prezident İlham Əliyev beynəlxalq liderləri bir araya gətirən XII Qlobal Bakı Forumunda çıxış edərək Azərbaycanın beynəlxalq aləmdə güclü mövqeyini və son illərdə əldə etdiyi uğurları vurğulayıb. Ölkəmizin enerji sahəsində nailiyyətlərini diqqətə çatdıran dövlətimizin başçısı qeyd edib ki, COP29-u təşkil etmək qərarı Azərbaycanın öz enerji sərvətlərinə çox məsuliyyətli yanaşmasından irəli gəlir. Təxminən 200 ölkənin yekdil qərarı ilə bu konfransın Bakıda keçirilməsi dövlətimizin "yaşıl keçid" sahəsində uğurlu fəaliyyətinə verilən yüksək dəyərin təzahürüdür". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Nurlan Həsənov deyib: "Hazırda ölkədə yaradılmış enerji istehsalı imkanları 8 giqavatdır. 2030-cu ilə qədər isə bərpaolunan enerjidən, əsasən günəş və küləkdən, eləcə də azad edilmiş ərazilərdə hidroresurslardan əlavə 6.5 giqavatlıq enerji gücləri yaradılması planlaşdırılır. Bu addım ölkənin enerji istehsalını, demək olar ki, iki dəfə artıracaq. Azərbaycan ondan artıq ölkənin enerji təhlükəsizliyinə töhfə verir. Bu ölkələrin 12-si Azərbaycandan təbii qaz alır, onların 10-u isə Avropa ölkələridir. Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa enerji təchizatçısı kimi tanıyır. Bu, dövlətimizin enerji sahəsində strateji əhəmiyyətini bir daha göstərir.
Bölgənin strateji əhəmiyyətinə toxunan Prezident İlham Əliyev bildirib ki, son geosiyasi dəyişikliklər nəticəsində Azərbaycandan keçən yüklərin daşınması həcmi kəskin şəkildə artıb. Ölkə bu artan tələbatı qarşılamaq üçün dəniz limanları və dəmiryolu infrastrukturunun buraxılış qabiliyyətini artırmağı planlaşdırır. Bu addımlar Cənubi Qafqazın geosiyasi əhəmiyyətini artırır və bölgədə sülhün bərqərar olunmasına xidmət edir".Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik.
055 634 88 31