AZ

Ötən il əmtəə idxalı artıb

Bakı, 18 mart, AZƏRTAC

Ötən il əmtəə ixracı 11 faiz azalaraq 26 milyard dollar təşkil edib.

AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, dövr ərzində əsasən dünya bazarlarında enerji məhsullarının qiymətlərinin əlverişli olması şəraitində neft-qaz sektoru üzrə ixracın həcmi 22,7 milyard dollar olub.

İxrac olunmuş neft-qaz məhsullarının (22,7 milyard dollar) 15,3 milyard dolları xam neftin, 6,9 milyard dolları təbii qazın, 0,5 milyard dolları isə neft emalı məhsullarının payına düşür. 2024-cü il üzrə qeyri-neft-qaz ixracı 0,8 faiz daralaraq 3,2 milyard dollar olub.

Ötən il üzrə əmtəə idxalı 4,7 faiz artaraq 17,2 milyard dollar təşkil edib: o cümlədən istehlak mallarının idxalının ümumi dəyəri isə 6,8 milyard dollar olub, bunun da 2,3 milyard dolları ərzaq məhsullarının payına düşür. Qeyri-neft-qaz sektoru üzrə idxal 8,5 faiz artaraq 14,7 milyard dollar olub. Qeyri-neft-qaz idxalının strukturunda:

• kərə yağının (56,9 faiz);

• kommutasiya qurğularının (37,5 faiz);

• bitki yağlarının (32,7 faiz);

• kran, klapan, boru kəməri armaturlarının (31,5 faiz);

• mebel məhsullarının (26,3 faiz);

• qazanlar, avadanlıq, mexaniki qurğuların (24,5 faiz);

• elektrik maşınlar və aparaturanın (24,2 faiz);

• yük avtomobillərinin (22,3 faiz);

• metalların (22,1 faiz);

• hesablama maşınlarının (14,2 faiz);

• ətir və kosmetik vasitələrin (7,4 faiz);

• alkoqollu və alkoqolsuz içkilərin (6,6 faiz);

• sabun və yuyucu vasitələrin (6,3 faiz);

• daş və şüşə məmulatlarının (6,1 faiz);

• tərəvəz məhsullarının (5,9 faiz);

• ağac məmulatlarının (4,1 faiz);

• və minik avtomobillərinin (3,4 faiz) idxalı artıb.

Bu dövrdə, uçuş aparatlarının (94,6 faiz); gəmilər, qayıqlar və üzən konstruksiyaların (54,5 faiz), dəmiryol nəqliyyat vasitələrinin (47,1 faiz), traktorların (31,5 faiz), əczaçılıq məhsullarının (9,5 faiz), tütün məhsullarının (1 faiz), şəkərin (0,8 faiz), dənli bitkilərin (0,6 faiz) və kağız məmulatlarının (0,2 faiz) idxalı isə azalıb. İdxalın strukturunda xarici investisiyalar hesabına gətirilmiş maşın-avadanlıqların və malların xüsusi çəkisi 3,1 faiz təşkil edərək 0,5 milyard dollar olub.

 

Seçilən
46
azertag.az

1Mənbələr