Madrid “Atletiko”sunun prezidenti Enrike Sereso “döşəkçilər”in Çempionlar Liqasında üzləşdiyi aqibətlə bağlı UEFA-nı tənqid edib.
Arena.az xatırladır ki, “Atletiko” mötəbər yarışın 1/8 finalının “Real”la evdəki cavab oyununda (ilk oyun 0:1) 1:0 hesablı qələbə qazanaraq oyunu penaltilər silsiləsinə daşımış, burada isə hakimin mübahisəli qərarı ilə 2:4 hesablı məğlubiyyətə üzülmüşdü.
“Siz UEFA-nın necə işlədiyini bilirsiniz, siz idman təşkilatlarının necə işlədiyinə bələdsiniz. Nəticədə, oyun başa çatdıqda o elə, olduğu kimi də qalır, onu kimsə yenidən keçirmir, çünki, mənə məlum olduğu qədər, oyunları heç kim heç vaxt yenidən keçirməyib. Biz öz gücümüzü sərf edirik, etiraz etməyə çalışmaqla, mühakimə etməyə cəhd etməklə, hər şey etməyə səy göstəririk, amma nəticəyə artıq kimsə müdaxilə etmir”, – Enriko Sereso qeyzlə bildirib.
Xatırladaq ki, oyunsonrası penaltilər silsiləsində hesab 2:1 “Real”ın xeyrinə ikən “döşəkçilər”in ikinci penaltisini vurmaq üçün “nöqtə”yə yaxınlaşmış argentinalı hücumçu Xulian Alvares dəqiq olsa da, zərbənin icrası zamanı texniki naşılığa yol vermişdi. Alvares zərbə vurmaq istəyərkən büdrəyərək, sürüşmüşdü. Hakim argentinalı futbolçunun topa iki dəfə toxunuş etdiyini əsas gətirərək, qolu ləğv etmişdi. Beləcə “Real” həm hesab və həm də psixoloji üstünlüyünü saxlayaraq, penaltilər silsiləsini öz xeyrinə uğurla başa vuraraq, növbəti mərhələyə adlamışdı.
Bu mübahisəli məqam İspaniya mətbuatında hələ də müzakirə edilir.