Belə ki, premyer-liqada qalmaq uğrunda mübarizə aparan “sarı-göylər” çempionluğu böyük ölçüdə təmin edən “köhlən atlar”dan xal qopardı. Əlbəttə, gəncəlilər bunu yetərincə ciddi uğur kimi qəbul edə bilər. Axı onlar ağdamlılardan sonuncu dəfə iki il əvvəl, dəqiq desək, 2023-cü ilin fevralında xal almışdı. Bu üzdən çoxu təəccübləndi və Qurban Qurbanovun nəticəni necə izah edəcəyini gözləməyə başladı.
Matçın ardından media nümayəndələrinin önünə çıxan mütəxəssis meydançanın oyundan əvvəl sulanmadığını dedi. Maraqlıdı ki, “sarı-göylər”in baş məşqçisi Azər Bağırov da onun dediklərini təsdiqlədi. Həm də özünəməxsus tərzdə:
“Qurban müəllimin sözünün qarşısında söz deyə bilmərəm. Dediyində həqiqət var”.
İş ondadı ki, dünən “Kəpəz”dən qəzetimizə verilən məlumatda meydançanın sulandığı bildirildi. Bizdə olan bilgiyə görə, hətta matçın AFFA nümayəndəsi İlham Əliyev də Tovuzda olan jurnalistlərə meydançanın sulandığını deyib.
Başqa maraqlı faktı da qeyd edək. Deməli, ölkə çempionatlarında meydançanın oyundan əvvəl sulanmaması hadisəsinə sonuncu dəfə əvəzedicilər liqasının 2023/24 mövsümünün “Kəpəz-2” – “Qarabağ-2” matçında rast gəlinib. Gəncə təmsilçisi həmin qayda pozuntusuna görə 100 manat ziyana düşüb.
Böyük ehtimalla, məsələ bu gün həllini tapacaq. Daha doğrusu, AFFA İntizam Komitəsinin iclasına əsasən kimin haqlı olduğunu öyrənəcəyik. Həqiqətən maraqlıdı: qazon sulanıb, ya yox?
KƏNAN BAHADIR