Şikayətçi 25 iyul 2024-cü ildə AQSİA-dan ərizə yazaraq ayrıldığını, işdən çıxma səbəblərini isə sivil qaydada izah etdiyini vurğulayıb. Lakin nəticədə onun əmək hüquqlarının pozulduğunu iddia edir. 28 avqust 2024-cü ildə o, Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət edərək əmək hüquqlarının pozulması ilə bağlı şikayət edib və bank çıxarışlarını təqdim edib.
Şikayətçinin sözlərinə görə, AQSİA rəhbəri Səkinə Babayeva dövlət qurumlarının sorğularına məhəl qoymur və təşkilat daxilində qanunlara əməl edilmir:
"Ölkəmizdə qadın hüquqlarının müdafiəsi istiqamətində ciddi işlər görülsə də, AQSİA-nın sədri qadın sahibkarların hüquqlarını pozur. Dövlət Əmək Müfəttişliyi Xidməti dəfələrlə AQSİA rəhbərliyi ilə əlaqə saxlamağa çalışsa da, sənədlərin təqdim edilməsi ilə bağlı tələblərinə reaksiya verilməyib. Bu isə o deməkdir ki, təşkilat rəhbəri dövlətin strateji qurumunun müraciətlərinə və qanunvericiliyə məhəl qoymur."
Kəmalə Məmmədli həmçinin qeyd edib ki, təşkilat qadın sahibkarlığının inkişafına töhfə vermək əvəzinə, intriqa və hüquq pozuntuları ilə məşğuldur. Onun sözlərinə görə, təkcə özü deyil, AQSİA-dan ayrılan bir çox qadın bu təşkilatdan heç bir dəstək görməyib və rəhbərliyin yaratdığı problemlərlə üzləşib.
Bundan əlavə, Səkinə Babayevanın rəhbərlik etdiyi tikiş sexinin fəaliyyəti də qanun pozuntularına görə dayandırılıb. Şikayətçi iddia edir ki, sexdə çalışan qadınlar təhlükəli şəraitdə işləməyə məcbur edilib:
"Bir qadın başqa qadınlara qarşı bu qədər sevgisiz ola bilərmi? Bir təşkilat rəhbəri üzvlərinin hüquqlarını bu şəkildəmi qoruyur? Tikiş sexində onlarla qadın təhlükəli şəraitdə çalışıb, lakin rəhbərlik buna göz yumub."
Şikayətçi məsələ ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin şikayətlər əsasında verdiyi qərarları və cərimə protokollarını ictimaiyyətlə bölüşdüyünü bildirib. O, aidiyyəti qurumları AQSİA rəhbərliyinin fəaliyyəti ilə bağlı tədbir görməyə çağırıb.