AZ

Harvard Universiteti illik gəliri 200 min dollardan az olan ailələrin övladlarını təhsil haqqından azad edəcək

Bakı, 18 mart, AZƏRTAC

Harvard Universitetinin rəsmi saytında dərc olunan bəyanata görə, illik gəliri 200 min dollardan az ailələrdən olan tələbələr təhsil haqqından tam azad olunacaq.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, dəstək proqramı tələbənin ailəsinin maddi vəziyyətindən asılı olaraq müxtəlif səviyyələrdə yardım göstərir. Ailələri ildə 100 min dollardan az qazanan tələbələr üçün universitet təkcə pulsuz təhsillə kifayətlənməyəcək, həm də onların yaşayış xərclərini, tibbi sığortasını və evlə kampus arasında nəqliyyat xərclərini qarşılayacaq.

Yeni təşəbbüs 2025-ci ilin yayında qüvvəyə minəcək və bakalavr proqramlarına müraciət edənlərə şamil olunacaq.

Bu gün Harvard Kollecində (universitetin bakalavr bölməsi) təhsil haqqı hər tədris ili üçün 56 min dolları ötür. Məktəbin maliyyə yardımı üzrə veb-saytına görə, yaşayış, yemək və digər əlaqəli xərclər daxil olmaqla, tam məsrəf təxminən 83 min dollara çatır.

Bu yenilik orta və aztəminatlı ailələrdən olan abituriyentlər üçün elitar təhsilin əlçatanlığının artırılmasına yönəlmiş 2004-cü ildə başlanmış maliyyə dəstəyi siyasətinin məntiqi davamıdır. Hazırda ailələrini gəlirləri ildə 85 min dollardan çox olmayan tələbələr üçün pulsuz təhsil mövcuddur.

Rəsmi məlumatlara görə, Harvard bakalavr tələbələrinin 55 faizi hazırda bu və ya digər formada maliyyə yardımı alır və 2023-2024-cü tədris ili üçün ailənin orta töhfəsi 15 min 700 dollar təşkil edir.

Maraqlıdır ki, oxşar dəstək proqramları ABŞ-ın digər aparıcı universitetləri tərəfindən də həyata keçirilir. 2025-ci ilin yayından etibarən Massaçusets Texnologiya İnstitutu, Pensilvaniya Universiteti və Texas Universitetində eyni şərtlər qüvvədə olacaq.

Seçilən
15
azertag.az

1Mənbələr