Kiberdələduzlar Novruz bayramı və Ramazan ayından istifadə edərək sosial şəbəkələrdə vətəndaşları aldadırlar. Belə ki, vətəndaşların qarşısına bayramlar ilə bağlı müəyyən kampaniyalar və təkliflər çıxır.
Bəs vətəndaş bu dələduzluq hallarından necə qoruna bilər?
Məsələ ilə bağlı Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) sədri, İT üzrə mütəxəssis Elvin Abbasov Operativ Media-ya açıqlama verib.
O bildirib ki, hər bayram ərəfəsində dələduzlar yeni üsullar fikirləşərək vətəndaşları aldatmağa çalışırlar: "Onlar adətən bayramla bağlı saxta kampaniyalar, "ev aksiyaları" və ya "xüsusi endirimlər" adı altında müxtəlif tələlər qururlar. Bu fırıldaqların əsas məqsədi insanları cəlb edib onların şəxsi məlumatlarını, xüsusilə bank kartı məlumatlarını ələ keçirməkdir.
Dələduzlar tez-tez real mağazaların, tanınmış brendlərin və endirim kampaniyalarının adından istifadə edərək, onlara bənzər saxta vebsaytlar və sosial şəbəkə paylaşımları hazırlayırlar. Vətəndaş bu zaman bəzi məqamlara diqqət etməlidir:
İlk olaraq saytın və ya səhifənin rəsmi olub-olmadığını yoxlanmalıdır. Rəsmi saytlar adətən "https://" ilə başlayır və tanınmış domenlərdən ( .az, .com, .org) istifadə edirlər.
Əgər sosial şəbəkələrdə hansısa bir marka və ya mağazanın müəyyən endirimi ilə qarşılaşırsınızsa şirkətin rəsmi sosial şəbəkə hesablarını tapıb həmin kampaniya barədə orada məlumat olub-olmadığını yoxlaya bilərsiniz.
Ekspert bildirib ki, bu kimi dəladuzlar adətən vətəndaşdan ödəniş tələb edirlər. Dələduzlar tez-tez insanları tələsdirmək üçün "saatlarla məhdud kampaniya", "birinci ödəyən qazanır" kimi ifadələrdən istifadə edirlər. Əgər sizdən tez bir zamanda ödəniş etməyiniz və ya kart məlumatlarınızı paylaşmağınız tələb olunursa bu böyük ehtimalla fırıldaqdır.
Son olaraq isə hər dəfə dediyimiz bir şey var ki, vətəndaş şübhəli bildiyi linklərə daxil olmamalıdır:
Şübhəli və ya tanımadığınız mənbələrdən gələn linklərə daxil olmadan əvvəl onları yoxlayın. Bəzi proqramlar və ya brauzer əlavələri təhlükəli saytlara girişi bloklaya bilər. Aksiya və ya endirim barədə internetdə qısa araşdırma aparın. Əgər bu haqda heç bir rəsmi məlumat tapmırsınızsa ehtiyatlı olmaqda fayda var.
Dələduzların əsas silahı insanların diqqətsizliyi və tələsik qərar verməsidir. Hər hansı şübhəli məqamda ödəniş etmədən öncə araşdırma aparmaq sizi fırıldaqçılardan qoruya bilər".