“Qala Həyat” sığorta şirkəti 2024-cü il üzrə divident elan edib.
Valyuta.az xəbər verir ki, həyat sığorta şirkəti ötən ili 8 milyon 317,7 min manat xalis mənfəətlə bitirib. Bu 2023-cü ilə nisbətən 4,7% çoxdur. Keçmiş illər üzrə sığorta şirkətinin bölüşdürülməmiş mənfəəti 12 milyon 485,5 min manata bərabər olub.
Şirkət həmçinin, 2024-cü il üzrə səhmdarlarına 9 milyon 660,4 min manat divident elan edib. Bu isə 2023-cü ilə nisbətən 28,8% çoxdur.
“Qala Həyat” 2023-cü ildə səhmdarlarına 7,5 milyon manat dividend ödəyib.
Son nəticədə şirkətin bölüşdürülməmiş mənfəəti 2023-cü ilə nisbətən 10,7% azalaraq 11 milyon 142,8 min manata enib.
Xatırladaq ki, “Qala Həyat Sığorta” 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 13,04 milyon manatdır.