Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli Tacikistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İlxom Abduraxmonla görüşüb.
Görüş zamanı rektor qonağa son illər ATU-da aparılan islahatlar, yenilənmiş tədris proqramları, tələbələrin asudə vaxtının səmərəli keçirilməsi üçün yaradılan şərait, tədris klinikaları haqqında ətraflı məlumat verib. ATU-nun beynəlxalq əlaqələri haqqında danışarkən, professor G.Gəraybəyli qonşu ölkələrin tibb və təhsil ocaqları ilə əməkdaşlığa böyük diqqət yetirildiyini vurğulayıb.
Azərbaycan Tibb Universiteti ilə tanışlıqdan məmnunluğunu bildirən səfir İ.Abduraxmon Tacikistanın təhsil və səhiyyə sistemlərindən söz açıb. ATU-nun Tacikistanın aparıcı təhsil və tibb ocaqları ilə qurulan əməkdaşlığının hər iki ölkə üçün uğurlu olacağını deyib.
Ortaq layihələrin və digər aktual məsələlərin müzakirə olunduğu görüşdə ATU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev də iştirak edib.