AZ

Avropa İttifaqı Suriyaya və suriyalı qaçqınlara 2,5 milyard avro ayıracaq- ÖZƏL

Brüsseldə keçirilən 9-cu Avropa İttifaqı sammitinin açılışında Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Aİ-nin 2025 və 2026-cı illərdə Suriya sakinlərinə və İordaniya, Livan, İraq və Türkiyədə məskunlaşmış suriyalı qaçqınlara 2,5 milyard avro həcmində yardım ayıracağını açıqlayıb. Olaylar.az xəbər verir ki,  bu barədə Avropa Şurasının rəsmi saytında məlumat verilib.

Fon der Lyayen bildirib ki, bu yardım Suriyada keçid prosesinə dəstək vermək və ölkənin sosial-iqtisadi bərpasına kömək etmək məqsədi daşıyır. Onun sözlərinə görə, Suriya xalqı ilk dəfədir ki, öz gələcəyi ilə bağlı ümidlərə daha yaxın olub. O, ölkənin barışıq və bərpa yolunun hələ uzun olduğunu vurğulasa da, yeni Suriya administrasiyasının Əsəd rejiminin devrilməsindən sonra atdığı addımları yüksək qiymətləndirib.

Fon der Lyayen Suriyanın yeni hakimiyyətinin cinayətkarları məsuliyyətə cəlb etməyə, azlıqların hüquqlarını qorumağa və inklüziv hökumət formalaşdırmağa sadiq qalmasının vacibliyini qeyd edib. O, Aİ-nin Suriyada keçid prosesini dəstəkləməyə hazır olduğunu vurğulayaraq, Suriya xarici işlər naziri Əsəd Həsən əş-Şeybaninin sammitdə ilk dəfə iştirak etməsinin əhəmiyyətini qeyd edib:

"Biz xalqınızın ehtiyaclarını və dövlət institutlarının bərpası ilə bağlı planlarınızı eşitmək istəyirik. Atacağınız hər yeni addımda sizinlə birlikdə irəliləməyə hazırıq. Avropa öz rolunu oynamağa hazırdır", - deyə fon der Lyayen bildirib.

Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas isə Aİ-nin 2025-ci il üçün Suriyaya 720 milyon avro yardım ayırdığını, bunun əvvəlki ilə nisbətən 160 milyon avro çox olduğunu açıqlayıb. O, suriyalıların uzun illər qorxu içində yaşadığını və artıq ölkədə sülh və təhlükəsizliyin təmin olunmasının vaxtının çatdığını vurğulayıb.

Qeyd edək ki, 2011-ci ildən bəri Aİ və onun üzv dövlətləri Suriyaya və suriyalılara yardım üçün ümumilikdə 37 milyard avrodan çox vəsait ayırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
29
olaylar.az

1Mənbələr