Məlum olduğu kimi bu günlərdə xaricdə yaşayan və təqsirləndirilən azərbaycanlı mühacirlər Qabil Məmmədov, Qurban Məmmədov, Tural Sadıqlı, Məhəmməd Mirzəli və Elşad Məmmədov Baş Prokurorluqdan çağırılıblar.
Baş prokurorluq tərəfindən görülən bu tədbir beynəlxalq miqyasda tətbiq olunan ekstradisiya məsələsini aktuallaşdırır. Belə olduğu halda həmin şəxslər qaydalara uyğun nə zaman Azərbaycana ekstradisiya edilə bilərlər?
Mövzu ilə bağlı Milli Məclisin sabiq deputatı Çingiz Qənizadə Referans-a açıqlamasında bildirib ki, qanunvericiliyə əsasən təqsirləndirilən şəxslər rəsmi bildirişlərə uyğun çağırışlara məhəl qoymayaraq müvafiq dövlət orqanına gəlmədikdə onların məcburi qaydada gətirilməsi ilə bağlı axtarış verilməsi mümkündür. Daha sonra onların haqqında qiyabi bir hökm çıxarılır. Bu hökmdən sonra isə həmin şəxslər haqqında beynəlxalq axtarışlar da tətbiq oluna bilər.
Çingiz Qənizadə onu da bildirib ki, bütün hallarda bu günlərdə Azərbaycan Respublikasının Baş prokurorluğun açıqlamalarında onu göstərir ki, bu şəxslər barəsində dövlətin tutarlı faktları mövcuddur. Bu faktlara da istinadən dövlət bu addımı atıb. Bundan sonra hadisələrin gedişatının necə olacağı ilə bağlı məsələ isə tamamilə başqa bir müzakirə mövzusudur.
Sabiq millət vəkili onu da vurğulayıb ki, təqsirləndirilən şəxslər haqqında Baş Prokurorluğun gördüyü tədbirlər Azərbaycan Prosessual Cinayət Məcəlləsinə uyğun formada həyata keçirilir. Burada bir məqam da var ki, həmin şəxslərə sığınacaq verən, himayə edən ölkələr onların Azərbaycana təhvil verilməsini təmin edəcəkmi? Bu kimi suallara cavabı isə biz bu prosesin növbəti mərhələlərində tapa bilərik. Yalnız bundan sonra digər məqamlar barədə də konkret fikirlər söyləmək olar.
Bünyamin Bünyadzadə
Referans