Məşhur Məmmədov,
Millət vəkili
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri davam edir. Martın 18-də dövlət başçısı və Birinci xanım Mehriban Əliyeva Sərsəng su anbarından Ağdərə rayonunun Umudlu kəndinə gedən avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak etdilər. Bu layihə təkcə yol infrastrukturunun inkişafı deyil, həm də Qarabağın sosial-iqtisadi dirçəlişi baxımından strateji əhəmiyyət daşıyır.
Dördüncü texniki dərəcəli bu yolun uzunluğu 9,4 kilometr, hərəkət zolaqlarının eni isə 6 metrdir. Yeni yolun istifadəyə verilməsi ilə regionda nəqliyyat axını sürətlənəcək, əhalinin rahat və təhlükəsiz hərəkəti təmin ediləcək.
Prezident İlham Əliyevin ötən il imzaladığı Sərəncama uyğun olaraq icra edilən bu layihə, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq proqramının tərkib hissəsidir. Yol infrastrukturunun inkişafı təkcə rahat gediş-gəlişi təmin etmir, eyni zamanda bölgənin iqtisadi potensialını artırır, yeni iş yerlərinin açılmasına və turizmin canlanmasına şərait yaradır.
Azərbaycanın dövlət siyasətində yol infrastrukturunun müasirləşdirilməsi prioritet istiqamətlərdən biridir. Dövlət başçısının tapşırıq və göstərişlərinə əsasən, yol təsərrüfatının bərpası və müasir standartlara uyğunlaşdırılması işləri işğaldan azad olunmuş ərazilərdə sürətlə icra edilir. Bu layihələrin həyata keçirilməsi Qarabağa Böyük Qayıdış Proqramının mühüm elementi olaraq, məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı üçün əlverişli mühit yaradır.
Bu gün işğaldan azad edilən ərazilər bir neçə əlamətdar hadisələrə şahidlik etdi.
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva həmin gün Ağdərə rayonunun Suqovuşan kəndində məscidin açılışında iştirak etdilər. Yeni inşa olunmuş yaşayış kompleksinin istifadəyə verilməsi də günün əlamətdar hadisələrindən oldu. Suqovuşan kəndində sakinlərə mənzil açarlarının təqdim edilməsi, dövlətin işğaldan azad olunmuş ərazilərdə sürətli bərpa prosesinə sadiqliyini bir daha sübut edir.
Prezidentin və Birinci xanımın Ağdərə rayonunun Həsənriz kəndində məskunlaşan sakinlərlə görüşü, onların yaşayış şəraitinin yaxından öyrənilməsi dövlət başçısının hər bir vətəndaşın rifahına xüsusi önəm verdiyini göstərir. Novruz tonqalının alovlandırılması isə Azərbaycan xalqının əzəli torpaqlarda bayram sevincini yaşamasının rəmzi oldu.
İşğaldan azad edilmiş torpaqlarda yeni tikinti və infrastruktur layihələri Azərbaycanın gücünü, dövlət başçısının iradəsini və xalqın doğma yurduna qayıdış əzmini əks etdirir. Bu siyasət nəticəsində Qarabağ sürətlə dirçəlir, müasir və inkişaf etmiş regiona çevrilir.