Azərbaycanda körpə dana və quzuların kəsiminin qadağan olunması təklif olunub.
Bunu Milli Məclisin bir neçə gün əvvəl keçirilən iclasında “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatı”nın müzakirəsində parlamentin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.
Deputatın bu təklifi cəmiyyətdə birmənalı qarşılanmıyıb.
Kənd təsərrüfatı məsələləri üzrə ekspert Vahid Məhərrəmli “Referans”-a açıqlamasında qeyd edib ki, Azərbaycanda heç bir dövrdə belə bir qadağa olmayıb.
“Quzu və dana vaxtı heyvanları kəsmək təbii olaraq tələbatdan asılıdır. İnsanlar istəyir ki, orqanizmləri daha yaxşı həzm edəcək əti əldə etsinlər və həmin ətdən istifadə etsinlər. Buna görə də quzu və dana ətinə tələbat çoxdur. Onu da qeyd edim ki, Azərbaycanın bu mövzu ilə bağlı ciddi problemi var. Problem Azərbaycanda yem qıtlığının olması ilə bağlıdır. Bunu ona görə qeyd edirəm ki, əgər heyvandarlıqla məşğul olan sahibkarlar məcburiyyət qarşısında qalıb heyvanlarını gec kəsimə verəcəksə, nəticədə bizim heyvanların baş sayı kəskin şəkildə aşağı düşəcək. Çünki ölkədə yemləmək üçün kifayət qədər yem yoxdur. Buna görə də son bir neçə ildə 1 milyon 800 min baş xırdabuynuzlu, 350 min baş isə iribuynuzlu heyvanların sayında azalma var”.
Ekpert qeyd edib ki, insan orqanizmi üçün ən faydalı hesab olunan quzu və dana ətinin ən məqsədəuyğun kəsim dövrü 6 ayı tamamladığı dönəmdir.
“Dana və quzular kiçik vaxtı olduqca tez inkişaf edirlər. Onlara ayrılan yem həmin dövrdə sürətli çəki artımı verir nəinki sonrakı mərhələlərdə. Heyvan böyüdükcə daha çox yemə ehtiyac olur və çəki artımı da az olur. Ona görə də Azərbaycan kimi ölkədə heyvanı saxlayıb müəyyən yaşdan sonra kəsmək həm fermerləri gəlirdən məhrum edəcək, həm də onlar saxladıqları heyvanların baş sayını azaltmağa məcbur qalacaqlar. Belə bir fikir formalaşıb ki, guya heyvanları quzu vaxtı kəsmək daha az ət istehsalına səbəb olur. Bu sadəcə manipulyasiyadır. Əslində, quzuların kəsilməsinin ən yaxşı vaxtı onları 6 ay saxlayıb, sonra 13-15 kiloqram olduqda kəsimə vermək həm sahibkarlara, həm də alıcılara sərf edir. Çünki bu daha keyfiyyətli ətdir”.
Ekspert hesab edir ki, körpə quzu və danaların kəsiminin qadağan edilməsi ilə bağlı təklif qeyri-peşəkar yanaşmadır və heyvandarlığa ciddi ziyan vura bilər.
Fidan Vəlisoy