İspaniya La Liqasının 28-ci turunun “Leqanes”lə səfər oyunu (3:2) “Betis”in çilili baş məşqçisi Manuel Pelleqrini üçün əlamətdar olub.
Arena.az məlumat verir ki, 71 yaşlı Pelleqrini “Betis”in sükanı arxasında İspaniya La Liqasında 79-cu qələbəsini qazanıb ki, bu da öz növbəsində klub rekordudur.
Çilili mütəxəssis müvafiq nəticəyə 184 oyunda nail olub. Əvvəlki rekord isə ispaniyalı mütəxəssis Lorenso Serra Ferrerə məxsus idi – 198 oyunda 78 qələbə.
Manuel Pelleqrini “Betis”in sükanı arxasına 2020-ci ilin avqust ayında keçib. Əndəlüs klubu çilili mütəxəssislə müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.
Çalışdırdığı müddətdə Pelleqrini “Betis”i 245 oyuna çıxarıb, 115 qələbə, 61 heç-heçə, 69 məğlubiyyət yaşayıb. Topların fərqi isə 383:300 nisbətindədir.
Manuel Pelleqrini “Betis”ə 2021/2022-ci illər mövsümü İspaniya Kubokunu qazandırıb.
28 oyundan 44 xal toplamış “Betis” İspaniya La Liqasının yarış cədvəlinin 5-ci pilləsində qərarlaşıb.