Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən narkotiklə mübarizəyə dair maarifləndirmə görüşləri davam etdirilir.
Bu mövzuda növbəti görüşlər Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında və Salyan rayonu A.Əliyev adına Aşağı Kürkəndi tam orta məktəbində təşkil edilib.
“Narkotik və psixotrop maddələrin ziyanı” mövzusunda keçirilən tədbirlərdə qeyd edilən təhsil müəssisələrinin rəhbər şəxsləri, müəllimlər və tələbə-şagird heyəti iştirak edib.
Çıxışlarda iştirakçılara bu maddələrin fiziki və psixoloji sağlamlığa, eləcə də sosial həyata göstərdiyi mənfi təsirlər, narkotik maddələrin yaratdığı asılılıq, zərərli vərdişlərin fəsadları və onların qarşısını almağın yolları haqqında məlumatlar verilib.
Tədbirlərin məqsədi gənclərdə sağlam həyat tərzinə marağın artırılması, cəmiyyətə faydalı nəslin yetişdirilməsinə dəstək göstərilməsi və onların düzgün istiqamətləndirilməsidir.
Sonda iştirakçılarla mövzuya dair müzakirələr aparılıb və suallar cavablandırılıb.