Bakı, 18 mart, AZƏRTAC
Tacikistan Milli Elmlər Akademiyası və Çin Elmlər Akademiyasının alimləri regionda kənd təsərrüfatı üçün ən təhlükəli zərərvericilərdən biri olan Mərakeş çəyirtkəsi ilə bağlı birgə tədqiqatlar aparıblar.
AZƏRTAC xəbər verir ki, bu barədə Tacikistan Milli Elmlər Akademiyası məlumat yayıb.
Tədqiqat işində Tacikistan Milli Elmlər Akademiyasının Y.Pavlovski adına Zoologiya və Parazitologiya İnstitutunun, eləcə də Çin Elmlər Akademiyasının Sincan Aparıcı Texnologiyalar İnstitutunun mütəxəssisləri iştirak ediblər. Layihə çərçivəsində torpağın rütubət və temperaturunu ölçmək üçün sensorlardan istifadə edilərək sahə müşahidələri aparılıb.
Bu məlumatlar çəyirtkə ilə mübarizədə səmərəli tədbirlərin işlənib hazırlanmasına, çoxalma dövrlərinin pik mərhələsinin proqnozlaşdırılmasına və vaxtında profilaktik tədbirlərin görülməsinə imkan verəcək.
Alimlərin sözlərinə görə, Tacikistanda Mərakeş çəyirtkəsinin yayılma xüsusiyyətlərinin öyrənilməsi kənd təsərrüfatına dəyən ziyanı minimuma endirməyə və ərzaq təhlükəsizliyini artırmağa kömək edəcək.
Entomologiya sahəsində əməkdaşlıq Tacikistan və Çin arasında əsas elmi qarşılıqlı fəaliyyət istiqamətlərindən biridir. Gözlənilir ki, bu sahədə tədqiqatlar davam etdiriləcək və onların nəticələri kənd təsərrüfatı zərərvericiləri ilə mübarizənin yeni metodlarının əsasını təşkil edəcək.