London, 19 mart, AZƏRTAC
Britaniyada Leyboristlər hökuməti dövlət büdcəsinə qənaət məqsədilə bu həftə yüz milyonlarla funt-sterlinq xərclənən minlərlə dövlət kredit kartını donduracağını elan edib.
AZƏRTAC “Reuters”ə istinadla xəbər verir ki, yavaşlayan iqtisadi artım proqnozları fonunda və gündəlik borclanmaya məhdudiyyətlər qoyan maliyyə qaydalarına tabe olan hökumət, mümkün qədər büdcə ixtisarları həyata keçirməyə çalışır. Nazirlər Kabineti Ofisinin yaydığı bəyanata görə, təxminən 20 min ədəd hökumət satınalma kartının əksəriyyətinin dondurulması israfçılığın qarşısını almaq məqsədilə atılan addımlardan biridir.
Bildirilib ki, hökumət kredit kartları ilə edilən xərclər 2020-21-ci maliyyə ilindən bəri dörd dəfədən çox artıb. 2024-2025-ci illərdə 675 milyon funt sterlinqdən (876.83 milyon dollar) çox vəsait xərclənib, halbuki bu məbləğ 2020-ci ildə cəmi 155 milyon funt olub.
“Hər il dövlət kredit kartlarına yüz milyonlarla funt xərclənməsi və bunun kifayət qədər nəzarət və təftiş olmadan baş verməsi doğru deyil. O kartlardan yalnız vəzifəsi üçün mütləq zəruri olan məmurlar istifadə etməlidir”, - deyə kabinet naziri Pat Makfadden bildirib.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London