ABŞ prezidenti Donald Tramp "Truth Social" hesabından verdiyi açıqlamada, Rusiya prezidenti Vladimir Putinlə telefon danışığının çox yaxşı və məhsuldar keçdiyini qeyd edib.
“Biz enerji və infrastruktur sahələrində dərhal atəşkəsə razılaşdıq”, - Tramp bildirib.
Tam və əhatəli atəşkəs yolunda digər danışıqların da davam edəcəyini qeyd edən Tramp, "Rusiya ilə Ukrayna arasında tam atəşkəs və nəticədə müharibənin sona çatması üçün birlikdə çalışacağımıza razılaşdıq", deyib.
Sülh müqaviləsinin hazırlanması ilə bağlı bir çox detalları müzakirə etdiklərini bildirən Tramp, “Hazırda bu proses davam edir və ümid edirəm ki, bu işi insanlıq adına tamamlayacağıq”, bildirib.
Digər tərəfdən, Ağ Ev, Tramp və Putin arasındakı telefon danışığı ilə bağlı yaydığı açıqlamada, iki liderin Rusiya-Ukrayna müharibəsinin “qalıcı sülh”lə bitməsi və hərtərəfli danışıqların davam etdirilməsi mövzusunda razılaşdıqlarını açıqlayıb.
Açıqlamada Rusiya-Ukrayna müharibəsinin heç vaxt başlamamalı və ya çoxdan bitməli olduğu bir müharibə olduğu vurğulanaraq, əlavə edilib: “Liderlər sülhə aparan prosesin enerji və infrastruktur sahələrində atəşkəs, eləcə də Qara dənizdə atəşkəs elan edilməsi, tam atəşkəs və daimi sülhə yönəlmiş texniki danışıqların davam etdirilməsi ilə bağlı razılığa gəliblər”.
Bildirilib ki, Putin və Tramp ABŞ və Rusiya arasında ikitərəfli münasibətlərin yaxşılaşdırılmasının hər iki ölkənin maraqlarına uyğun olacağı barədə razılığa gəliblər.