AZ

Zelenski ərazi güzəştlərinə gedəcək?

Qərb KİV-ləri qeyd edirlər ki, Zelenski atəşkəsin təmin olunması üçün Rusiyaya güzəştə getmək niyyətindədir - onların iddialarına görə, rəsmi Kiyev daha çox ərazi itirməmək üçün ərazisinin bir qisminin müvəqqəti olaraq Rusiyanın nəzarəti altında qalmasına razı olacaq. Amma danışıqlar dövründə Kiyev ərazilərinin diplomatik yolla qaytarılmasına çalışacaq. Artıq ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uoltz da bu iddiaları təsdiqləyir - o, bildirib ki,  Donbas və rusdilli əhalinin çoxluq təşkil etdiyi ərazilərin Moskvanın nəzarətinə keçməsinə razılıq verilə bilər. Hətta Ağ Evdən verilən qeyri-rəsmi məlumatlara görə, Ukraynada gələcək təhlükəsizlik zəmanətləri müqabilində Kiyevin ərazilərdən bir növ imtinası nəzərdə tutulur.  

Ehtimal böyükdür

Məsələ ilə bağlı politoloq Asif Nərimanlı “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Ukraynada müharibənin sona çatmasında yeganə yol rəsmi Kiyevin mövcud şərtlər daxilində müəyyən ərazilərini güzəştə getməsindən asılıdır.

“Təbii ki, Ukrayna müharibənin belə bir şərtlərlə bitməsini istəmir, amma buna getməyə məcburdur. ABŞ-Rusiya danışıqları, xüsusilə Trampın mövqeyi Ukraynanı çox ağır və çətin vəziyyətə salıb. Ağ Evdə Trampla qarşıdurmadan sonra Zelenski vəziyyətdən çıxmaq üçün Avropa İttifaqından və Avropa ölkələrindən dəstək almağa çalışdı. Ancaq onun bu çabaları da puça çıxdı. Martın əvvəlində Londonda təşkil olunan sammitdə Aİ-nin liderləri Zelenskiyə Trampın təklifləri ilə razı olmağı töfsiyə etdilər. Avropanın öz yaxasını kənara çəkməsi Zelenskini mövcud durumla barışmaq məcburiyyətinə qoyub. Ona görə də hesab edirəm ki, Ukraynada gözlənilən atəşkəs Kiyevin öz ərazisinin bir hissəsini Rusiyaya güzəştə gedəcəyi təqdirdə mümkün olacaq”. A.Nərimanlının sözlərinə görə, Rusiya daha ağır şərtlər irəli sürə bilər: “Moskvanın danışıqlarda əsas tələblərindən biri Ukraynanın NATO-ya üzv olmaması ilə yanaşı, hazırda rus ordusunun nəzarəti altında olan ərazilər üzərində Rusiyanın de-yure nəzarətinin tanınması olacaq. Hətta Kreml daha irəli gələrək Ukraynanın dörd cənub-şərq vilayəti - Donetsk, Luqansk, Zaporojye və Xersonun tam olaraq ona verilməsini də tələb edə bilər. Sözsüz ki, bunun nə qədər mümkün olacağı sual altındadır. Ukraynanın nə qədər ərazisini güzəştə gedəcəyi məsələsinə gəlincə, bu, atəşkəsdən sonrakı danışıqlarda müzakirə olunacaq detallardan bəlli olacaq”. Politoloq əlavə edib ki, Tramp administrasiyası Zelenski hakimiyyətini ərazi güzəştlərinə getməsinə vadar edir: “Tramp və onun komandasının üzvləri öz bəyanatlarında bunu dəfələrlə səsləndiriblər. Habelə bu yaxınlarda Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən ABŞ-Ukrayna danışıqlarında da bu məsələyə toxunulub. Xüsusilə bir məqamı da qeyd edim ki, ABŞ və Avropa üçün Ukraynanın ərazi bütövlüyü arxa plana keçib”.

Zelenski ümid edir

“Zelenskinin dəyişən mövqeyinə gəlincə, bunu bir neçə kontekstdə qiymətləndirmək lazımdır. Onun əvvəlki bəyanatlarına nəzər yetirsək, görərik ki, o, heç bir halda ərazi güzəştlərinə getməyəcəyini bəyan edirdi. Təbii ki, bu, daxili rəyə hesablanmışdı. Çünki atəşkəsin təmin olunması istiqamətində danışıqların başlandığı gündən Ukrayna ictimaiyyətində Zelenskinin ərazi güzəştlərinə gedib-getməyəcəyi ilə bağlı məsələ ciddi narahatlıq yaradıb. Digər tərəfdən, Ciddədə keçirilən görüşdən sonra Zelenskinin ABŞ-ın 30 günlük atəşkəs təklifinə razı olması onu deməyə əsas verir ki, o, hazırkı acınacaqlı durumdan çıxış yolları axtarmaq hədəfindədir. Moskva da bunu anladığı üçün Vaşinqtonun təklifinə o qədər də müsbət yanaşmır. Ukrayna hakimiyyətində belə ümid yaranıb ki, otuz gün müddətində vəziyyət onların xeyrinə dəyişə bilər. Amma bu ehtimalın baş tutması inandırıcı deyil, hətta deyərdim ki, sıfırın altındadır. Qısa müddət ərzində vəziyyətin dəyişməsi qeyri-mümkündür,” - deyə A.Nərimanlı vurğulayıb.

Münaqişə dondurulacaq

A.Nərimanlı atəşkəsdən sonrakı vəziyyətə də münasibət bildirib: “Rusiyanın Ukraynanın cənub-şərq əraziləri üzərində de-yure nəzarətinin tanınması mümkünsüz görünür. Əgər belə bir addım atılarsa, beynəlxalq hüquq tam sıradan çıxarılacaq. Rusiyanın bu ərazilər üzərində nəzarəti yalnız de-fakto səviyyəsində tanınacaq. Ukraynadakı münaqişə isə dondurulacaq və uzunmüddətli danışıqlar prosesi başlayacaq. Bu prosesdə həmin ərazilərin gələcək taleyi müəyyən olunacaq”.

Yunis ABDULLAYEV

Seçilən
69
yeniazerbaycan.com

1Mənbələr