Ermənistan Qərbi azərbaycanlıların öz evlərinə təhlükəsiz şəkildə qayıtmalarına şərait yaratmalıdır
Bir neçə gün öncə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ermənistanla sülh müqaviləsi üzrə bütün bəndlərin razılaşdırıldığını və layihənin mətni üzrə danışıqların başa çatdığını bəyan edib. Erməni tərəfi də bu faktı təsdiqləyib, hətta müqavilənin imzalanmasının vaxtını və yerini müəyyən etmək üçün danışıqlara hazır olduğunu iddia edib. Bundan dərhal sonra Ermənistanın baş naziri Nikol Paşinyanın bir sıra ölkələrin liderlərinə zəng edərək sülh müqaviləsi üzrə danışıqların başa çatması və Ermənistanın bu sənədi imzalamağa “hazır olması” barədə məlumatlar verib. Həm də bu telefon danışıqları şərti dövlət sərhədində erməni hərbi birləşmələrinin təxribatları ilə müşayiət olunur. Görünən odur ki, erməni tərəfi sülhə maraqlı deyil, yaxud tələsik sülh sazişi imzalamaqla başqa məqsədlər güdür.
1987-ci ildə Qafanda başlayan...
Çünki sülh müqaviləsinin mətnin razılaşdıırlması hələ onun imzalanması demək deyil. Rəsmi İrəvan sənədi imzalamaq üçün məlum şərtləri yerinə yetirməlidir. Belə ki, Ermənistan konstitusiyasında və digər normativ hüquqi aktlarda Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dair iddialar aradan qaldırılmalıdır. Qərbi Azərbaycan İcması da hesab edir ki, Ermənistanın sülh sazişi layihəsində açıq qalan iki bəndi qəbul etməsi kifayət deyil. Qərbi azərbaycanlıların doğma yurdlarına qayıdışı burada nəzərə alınmalıdır.
Məsələ ilə bağlı Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilir: “Ermənistanın 1987-ci ildə Qafan rayonunda azərbaycanlılara qarşı törətdiyi zorakılıq ilə başlayaraq 30 ildən artıq davam etmiş Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində Azərbaycana külli miqdarda ziyan vurulub və azərbaycanlılar böyük müsibətlərə düçar olublar. Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi ilə münaqişə arxada qalıb, bölgədə davamlı sülhün və ədalətin bərqərar olması üçün imkan yaranıb. Məhz Azərbaycan Respublikasının təşəbbüsü ilə iki dövlət arasında bu məsələlər üzrə siyasi proses başlayıb. Bu günlərdə xəbər verildiyi kimi, münasibətlərin qaydaya salınması üzrə çoxsaylı mövzuların bir qismini əhatə edən saziş layihəsi üzrə danışıqlarda Ermənistan Azərbaycanın açıq qalan iki maddə üzrə təkliflərini qəbul edib. Lakin bu, kifayət deyil. Ermənistan tərəfi qalıcı sülhün və ədalətin bərqərar olunması üçün qalan digər məsələlər üzrə də öz üzərinə düşəni etməlidir”. İcma bəyan edib ki, bunların sırasına Qərbi azərbaycanlıların öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmalarına şərait yaratmaq, maneəsiz tranzit öhdəliyini yerinə yetirmək, Azərbaycana qarşı ərazi iddialarını öz konstitusiyasından və qanunlarından çıxarmaq, ATƏT-in Minsk qrupunun ləğv olunması üçün müraciət göndərmək, Azərbaycan ərazilərinin işğalına, ona külli miqdarda ziyan vurmasına və azərbaycanlılara qarşı zorakılıq törətməsinə görə məsuliyyətini etiraf etmək, təzminat ödəmək, öz ərazisində qondarma rejimin bütün “təsisatları”nı ləğv etmək, hərbi canilərin qəhrəmanlaşdırılmasına son qoymaq, silahlanma proqramını dayandırmaq və aldığı silahları geri qaytarmaq daxildir.
Beynəlxalq hüquq tələb edir
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti öz üzərinə düşənləri yerinə yetirmək üçün Ermənistana təzyiq etməyə çağırıb. Xüsusi qeyd edilməlidir ki, Qərbi azərbaycanlılarının doğma yurdlarına qayıtması onların fundamental haqqıdır və bu da beynəlxalq hüquqla təsbit olunub. İnsan Hüquqları Ümumi Bəyannaməsində, Mülki və siyasi Hüquqlar Haqqında Beynəlxalq Pakt, BMT-nin Qaçqınların Statusuna dair 1951-ci il Konvensiyası və 1967-ci il Protokolu və digər sənədlərdə həmin hüquq öz əksini tapıb. BMT-nin insan hüquqları və beynəlxalq hüquq sahəsində qəbul etdiyi mühüm prinsiplərdən biri olan qayıdış hüququ Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 13-cü maddəsinin 2-ci bəndində qeyd olunur. Bu bənddə açıq mətnlə deyilir ki, “Hər kəsin öz ölkəsi daxilində sərbəst hərəkət etmək və yaşayış yeri seçmək hüququ var” və “hər kəsin öz ölkəsinə qayıtmaq hüququ var”.
Ermənistan azərbaycanlı icmasının bərabər hüquqlarını təmin etməli, onların ana dillərində təhsil almasına, qanunvericilik, icra və məhkəmə orqanlarında Azərbaycan dilindən istifadəsinə imkan yaratmalı və azərbaycanlıların hüquqlarının qorunmasını tam təmin etməlidir. Bütün bunların reallaşması üçün müvafiq beynəlxalq qurumların hüquqi məsləhət, monitorinq və nəzarət mexanizmi çərçivəsində İcma ilə konstruktiv dialoqa başlanmalıdır. İstənilən halda, Qərbi Azərbaycandan qovulmuş azərbaycanlılar öz vətənlərində yaşamaq hüququna sahibdirlər.
Nardar BAYRAMLI